Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var
Azərbaycan və Serbiya dövlətləri arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında qarşılıqlı əməkdaşlığa xidmət edən çox sayda sənədlər imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı və 2022-ci ilin noyabrında Belqradda qəbul edilmiş qərarlar xüsusi əhəmiyyət daşıyır. İmzalanmış hər bir sənəddə və qərarda keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub. Həmçinin Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.
Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Hazırda Serbiya Azərbaycanın sıx əlaqə saxladığı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi yüksəlmişdir. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.
Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini