Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq.
Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-ci illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.
Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək.
Bu gün Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident cənab İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.
Bütün bunlar Azərbaycanı Balkan yarımadası dövlətləri üçün etibarlı tərəfdaşa çevirib.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Avropa Azərbaycan qazına ehtiyac duyur
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub və fəaliyyəti ilə bunu sübut edərək parlaq nümunə sərgiləyib. Düşünülmüş addımlara, düzgün qurulan strategiyaya əsaslanan xarici siyasətin nəticəsi olaraq Azərbaycana maraq günbəgün artır.
Ölkəmiz yüksək iqtisadi göstəricilərə malik sabitlik adası olaraq dünyanın diqqət mərkəzindədir. Rəsmi Bakının təşəbbüsü ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP və digər nəhəng layihələr ölkəmizin qlobal iqtisadiyyatda çəkisini artırmaqla bərabər, təhlükəsizliyə önəmli töhfələr verir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri də qeyd edilənlərin təsdiqi olaraq diqqət çəkir.
Azərbaycanla ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Azərbaycan digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan – Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da əməkdaşlığın dərinləşməsi üçün olduqca səmərəlidir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır və ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Xanım Prezidentin ölkəmizə ikinci səfəri bunun parlaq ifadəsidir. Bununla paralel olaraq dövlətimizin başçısının vurğuladığı kimi, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, müvafiq dövlət qurumları isə təbii olaraq sıx təmasda olmalıdırlar. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Ölkəmizin rəhbəri ali qonağın XII Qlobal Bakı Forumunda iştirak edəcəyini də yüksək qiymətləndirib.
Azərbaycan lideri vacib bir məqama toxunaraq qeyd etdi ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Keçən ilin sonlarından etibarən Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək və gələcəkdə ölkəmiz lazım olan həcmdə qaz təchizatını artıra bilər. Azərbaycan artıq 12 ölkəyə təbii qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir.
Beləliklə, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan həm iqtisadi imkanlarına, həm də beynəlxalq düzəndə yürütdüyü siyasətə görə etibarlı ölkədir. Bu etimadı dövlətimiz Prezident cənab İlham Əliyevin bütün məsələlərdə beynəlxalq hüquqa və sülhə yönəlik dəyişməz siyasəti ilə qazanıb.
Prezident Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan həm geosiyasi səhnədə səmərəli fəaliyyəti ilə seçilərək diqqət çəkir, həm də Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə maraqlı tərəfdaşa çevrilir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Prezident cənab İlham Əliyevin təkcə son vaxtlarda bir sıra ölkələrin rəsmi şəxslərini respublikamıza səfərləri çərçivəsində qəbul edərkən səsləndirilən fikirlər, eləcə də dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında, telefon zənglərində ifadə olunan münasibətlər yuxarıda qeyd olunanları bir daha təsdiqləyir.
Bu, əslində, dövlətimizin başçısının haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi, yürütdüyü müstəqil siyasətin məntiqi sonluğu kimi diqqət çəkir. Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova