Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq.
2020-ci il sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarına qarşı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsi, Azərbaycan xalqının iradəsini, ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər yürüşündə hər bir əsgərimiz “geri dönmək yoxdur” deyərək, müqəddəs torpaqlarımızı işğaldan azad etmək üçün canını ortaya qoydu. Bu möhtəşəm qələbənin əldə olunmasında şəhidlərimizin misilsiz rolu vardır. Hər bir şəhid bu müqəddəs torpağın müdafiəsi üçün öz canını fəda etdi, onların fədakarlığı Azərbaycan xalqının tarixində ölümsüzləşdi. Onlar bizim milli qürurumuzun, vətən sevgimizin simvoludur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman vurğulayıb ki, torpaqlarımızın azad edilməsi Azərbaycanın dövlət siyasətinin ən müqəddəs məqsədidir. Dövlət başçımız, ulu öndər Heydər Əliyevin əmanət qoyduğu bu tarixi missiyanı bütün qətiyyəti ilə həyata keçirərək, güclü ordu quruculuğunu, iqtisadi inkişafı və diplomatik üstünlüyü strateji hədəfə çevirdi. Məhz onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Zəfər Günü, Azərbaycanın yalnız öz torpaqlarını azad etmək uğrunda apardığı haqq mübarizəsi deyil, eyni zamanda 30 il ərzində düşmən əsarətində qalan torpaqlarımıza, orada yaşanan əzablı illərə və dözümümüzə verilən ən böyük qiymətdir. Biz bu qələbəni sadəcə torpaqlarımızı geri qaytarmaqla yox, həm də öz şərəf və ləyaqətimizi bərpa etməklə qazandıq. Azərbaycan xalqı bu qələbə ilə göstərdi ki, onun torpaqları üzərində heç kimə haqsız iddialar etmək şansı tanınmayacaq. Bu, Azərbaycan xalqının suverenliyinə olan sarsılmaz iradənin təzahürüdür. Müharibənin 44 günü ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedərək, hər bir şəhəri, kəndi düşmən əsarətindən azad etdi. Şuşa şəhərinin azad edilməsi bu zəfərin ən parlaq məqamı olaraq tarixdə qaldı. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı, düşmənin bütün planlarını darmadağın etdi. Bu əməliyyat çərçivəsində ordumuz bir-birinin ardınca 5 şəhər, 4 qəsəbə və 286 kəndi azad edərək, Ermənistanın illərlə yaratdığı hərbi mifin üzərində qalibiyyət bayrağını dalğalandırdı. Şəhidlərimizin müqəddəs ruhu qarşısında bu zəfər, Azərbaycanın hər bir oğlu və qızı üçün müqəddəs bir əmanətdir. Onları bizə göstərdi ki, hər qarış torpağımız Vətən sevgisi ilə sulanmış, xalqımızın iradəsi ilə toxunmuşdur. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirdi. Xalq və ordu birliyinin ən təsirli nümayişi, məhz bu zəfərin əldə edilməsində öz əksini tapdı. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır. Müharibə dövründə bütün dünya Azərbaycan xalqının dəmir iradəsini, haqq-ədalət uğrunda apardığı qətiyyətli mübarizəni gördü. Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, lakin ədalətli sülh.” Bu, Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi uğurların nəticəsidir. Azərbaycanın əldə etdiyi bu hərbi qələbə, Prezident İlham Əliyevin zəfər paradında vurğuladığı kimi, yalnız bizim üçün deyil, beynəlxalq hüququn da qalibiyyəti oldu. Azərbaycanın dövlət suverenliyi tam təmin edildi, xalqımızın tarixi ədalət tələbi yerinə yetirildi. Zəfərdən sonra, şəhid ailələrinə, qazilərimizə genişmiqyaslı sosial dəstək paketləri həyata keçirilməyə başlandı. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə qazilərinə göstərilən diqqət və qayğı, Azərbaycanın öz qəhrəmanlarını unutmadığının göstəricisidir. Hər bir şəhid ailəsi bu xalqın şərəfinin və qürurunun daşıyıcısıdır. Azərbaycan xalqı hər zaman onların yanında olacaq, onların xatirəsini qəlbində yaşadacaqdır. 8 Noyabr Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır. Bu gün, yalnız Azərbaycanın hərb tarixində deyil, həm də dünya tarixində xüsusi yer tutan bir zəfər günüdür. Azərbaycan Ordusunun XXI əsrdə yaratdığı bu qələbə təcrübəsi, dünyanın hərbi məktəblərində öyrənilən bir örnək halına gəlmişdir. Azərbaycan xalqı sülh və təhlükəsizliyin qarantı olaraq bölgədə güclü bir mövqeyə sahib olmuş, öz haqqını qorumaq əzmini bir daha göstərmişdir.
Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.
Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı.
Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin tarixi ədalətin təmin olunması Azərbaycan dövlətçiliyinə bir sıra yeni üfüqlər və perspektivlər açdı. Bu hadisələr ölkəmizin daxili və xarici siyasətində, milli birliyin güclənməsində və gələcək nəsillərə ötürüləcək dəyərlərin formalaşmasında mühüm rol oynadı. Ərazi bütövlüyümüzün təmin olunması dövlətin suverenliyinin və ərazi toxunulmazlığının ən önəmli simvolu oldu. Bu Zəfər Azərbaycan dövlətçiliyinə əminlik və güc gətirərək, dövlətin öz sərhədlərinə və xalqına sahib çıxma əzmini bir daha təsdiqlədi. Bu proses, Azərbaycanın müstəqil və suveren bir dövlət kimi hər zaman öz hüquqlarını müdafiə etmək gücündə olduğunu göstərdi. 30 ilə yaxındır işğal altında saxlanılan ölkənin 20 faiz ərazisi Xalq-Ordu-Prezident birliyi nəticəsində özünün tarixi sahibinə qovuşdu. Azərbaycan bu Zəfərə uzun illərdir ki, hazırlaşırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edirdi. Hərbi sənaye kompleksi demək olar ki, yenidən qurulmuşdu. Ən müasir silahlar, hərbi texnikalar Ordumuzun istismarına verilmişdi. İqtisadi üstünlüyümüz, effektiv xarici siyasətimiz imkan verirdi ki, biz bu əməliyyatları qələbə ilə başa vuraq. Təbii ki, bu uğurlu əməliyyatın əsas müəllifi Ali Baş Komandan İlham Əliyevdir. “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”. Prezident İlham Əliyevin dediyi bu sözlər əldə etdiyimiz Zəfərin düşünülmüş, məqsədyönlü siyasətin nəticəsi olduğunu deməyə imkan verir. 44 günlük Vətən Müharibəsinin başlıca məqsədi Şuşa şəhərini azad etmək idi. Bununla Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edə bildik. Şuşanın azad edilməsi Ordumuzun qarşısına qoyulan bir nömrəli missiya idi. Alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə, kanatlarla qalxan qəhrəman igidlərimiz sıldırım qayalarla şəhərə daxil oldular. Onlar əlbəyaxa dava ilə düşməni məhv etdilər. “Böyük Tiqranın” “davamçılar”ı qəhrəman oğullarımızın qarşısında 44 gündən artıq davam gətirə bilmədilər. Onlar Ağdam, Kəlbəcər, Laçını müharibəsiz Azərbaycana təhvil verməyə sadəcə məcbur oldular. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə – Laçında keçid məntəqəsi qoyuldu. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını alındı. 2023-cü il sentyabrın 19-da uğurlu antiterror tədbirləri həyata keçirməklə Azərbaycan dövləti Xankəndidəki revanşist qüvvələrin separatçı fəaliyyətinə son qoydu, ölkə ərazisində konstitusiya quruluşunu bərpa etdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bütün bunlar Şuşa Zəfərinin yaratdığı imkanlar hesabına mümkün oldu.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.