Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
44 günlük Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli Ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinə, böyük Zəfəri təmin edən əsas amillərə nəzər salsaq görərik ki, müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük Qələbəmizin ilk müjdəsi oldu.
Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaltdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.
Vətən müharibəsi dövründə hər bir azərbaycanlı ölkə başçısının xalqa müraciətlərində qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Hər qələbə xəbərini aldıqca yenilməz Azərbaycan Ordusu ilə fəxr edir, qürrələnirdik. Biz qalib ölkənin vətəndaşlarıyıq, cəsur və sarsılmaz Ordumuz var deyə qürur duyuruq.
Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq bütün 44 gündə yalnız irəli getdi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı. Bu gün Azərbaycan xalqı öz qəhrəman ordusu ilə fəxr edir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru
Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.
Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi.
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Bu əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru