Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir- birinə olan dərin hisslərinə əsaslanır
Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. XX əsrin sonlarında Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Bu əməkdaşlıqların inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Hər iki ölkə arasında 30-dan çox sənəd imzalanmışdır ki, bu sənədlər mövcud hüquqi bazanı daha da möhkəmlənməsinə yönəlmişdir.
Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, çoxşaxəli münasibətlər mövcuddur. Bu münasibətlərin dərin tarixi, mədəni və dini kökləri vardır. Həmçinin qeyd olunmalıdır ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Qarşılıqlı dəstək
Bəşər tarixinin çox qədim ölkələrindən biri də Pakistan dövlətidir. Əsrlər boyu müxtəlif mədəniyyətlərin kəsişmə mərkəzində olan bu region islamaqədərki və İslam dövründəki sivilizasiyaları özündə birləşdirirdi. İslam dövründə isə çoxmədəniyyətliliyə söykənən yeni bir sistemin, yeni bir sivilizasiyanın meydana çıxdığının şahidi olduq.
Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və Pakistan arasında öz bölgə və qlobal problemlərinin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur.
Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır və daim yüksələn xətt üzrə inkişaf edir.
Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərmişdir.
Təsadüfi deyil ki, Pakistan işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamış, onun təcavüzünü daim pisləmişdir. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.
Bu gün Pakistanla əlaqələrimizin inkişafı son dərəcə önəmlidir. Pakistanla keçirilən görüşlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimiz daha da möhkəmlənir, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açılır. Azərbaycanla Pakistan arasında ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi diqqətdədir. Bu da, təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur və bunun üçün potensial xeyli yüksəkdir.
Hərbi sahədə də hər iki ölkə arasında inkişaf mövcuddur. Məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin artırılması, müstəqilliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir.
Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri
Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir.
Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək olub.Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edibdir. Eləcə də onu da vurğulamaq lazımdır ki,məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də rəsmən işğalçı ölkəni bir dövlət kimi tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür.
Azərbaycanla Pakistan arasında əlaqələr Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdur. Bu görüşdə iki ölkə arasında münasibətlərə xüsusi təkan verən 9 sənəd imzalanmışdır ki, bu da siyasi əlaqələrin hələ XX əsrdən başlayaraq geniş aspektdə inkişaf etdiyini bir daha sübut edir.
Azərbaycan və Pakistan prezidentləri hər zaman bütün problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Ulu Öndər Heydər Əliyev bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım etmişdir.
Azərbaycan Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini hər zaman bildirir. Qeyd edək ki, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, kobud şəkildə pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məsələnin necə həll olunması aydın şəkildə təsvir edilsə də, əfsuslar olsun ki, bu qətnamələrin icra mexanizmləri mövcud deyil. Ancaq qardaş və dost ölkə kimi Azərbaycan Pakistanla, Cammu və Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq. Bundan sonra iki dost ölkə arasında münasibətlər şaxələnməkdə və dərinləşməkdə davam edəcək.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Biz hər zaman əməkdaşlıq etmişik
Pakistanla Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan Pakistana daim minnətdardır ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da güclü dəstək göstərib. Azərbaycan Pakistanı Cəmmu, Kəşmir məsələlərində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Hər iki ölkə ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyur.
Hazırda Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizin Vətən müharibəsində qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.
Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər.
Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident cənab İlham Əliyevin tapşırığı ilə Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib. Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə, həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir.
Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir. Bu da hər iki ölkə arasında sıx əməkdaşlığın bariz nümunəsidir.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri