Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.
Ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri artıq başa çatıb. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədi ilə keçirilən bu tədbir Azərbaycan üçün çox əhəmiyyətli idi. Azərbaycan da beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir.Buna görədə Azərbaycanda COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqlar qısa vaxt olmasına baxmayaraq tamamlandı. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bu tədbirin nəticəsi olaraq Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Əlavə olaraq 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər
İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir.
İkinci Qarabağ – Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” öhdəliyi icra edilmədi. Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən bu ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı. Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi. Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfə oldu. Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov