Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.
Azərbaycanın xarici siyasət kursunda Gürcüstan ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Gürcüstan da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Gürcüstan-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur. Bu gün Azərbaycan və Gürcüstan istər regional, istərsə də beynəlxalq səviyyədə birgə üzv olduqları bütün təşkilatlarda qarşılıqlı şəkildə bir-birlərinin mövqelərini dəstəkləyirlər. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycanın sözügedən sənədin lehinə səs verməsi qeyd etdiyimiz məqamı təsdiqləyən xüsuslardan yalnızca biridir. Tarix boyu Azərbaycan və Gürcüstanın mövcud ərazilərində yaranmış müxtəlif dövlətlər kimi müstəqillik qazandıqdan az bir müddət sonra Azərbaycan Respublikası ilə Gürcüstan arasında da diplomatik əlaqələr qurulmuşdur; 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlamış, 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılmışdır. Ölkələr arasında təşkil olunan rəsmi səfərlərin intensivliyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə Gürcüstana səfərləri, Gürcüstanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, parlamentlərarası işçi qruplarının, hökumət nümayəndələrinin mütəmadi olaraq görüşlər keçirməsi – dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə bir sübutdur. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş nazirinin etdiyi ilk xarici səfər olduğunu xüsusi qeyd etdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər olduğunu, həmin münasibətlərin tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslandığını, müasir dövrdə isə həyata keçirilən qlobal layihələrin iki ölkənin siyasi çəkisini dünya miqyasında daha da artırmaqda olduğunu vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata verdiyi birgə bəyanatda toxunduğu vacib məsələlərdən biri də Orta Dəhliz layihəsi ilə bağlı oldu. Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumları koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycanla Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Məlum olduğu kimi, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və bu ixracın həcmi ildən-ilə artır. Bununla paralel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirirlər. Eyni zamanda, cənab Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasında müzakirə edildiyini bildirdi.
Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.
Enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq.
Bu ilin 17 yanvar tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə səfər etdi. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş oldu. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı strateji tərəfdaşlıq səviyyəsindəki münasibətlərdən bəhs etdilər. Cənab Prezident Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonrakı ilk xarici səfərinin Azərbaycana olmasının böyük əhəmiyyət daşıdığını vurğuladı. Bu səfər, Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, hər iki ölkənin bir-birinə verdiyi dəyəri nümayiş etdirir. Gürcüstanın Azərbaycan iqtisadiyyatına yönələn yatırımlarının həcmi və Azərbaycan investorlarının Gürcüstana olan marağı, bu əlaqələrin gücləndiyini bir daha təsdiqləyir. Azərbaycan və Gürcüstan əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşamış ölkələrdir. Bu gün də bu əlaqələr geniş müstəvidə davam edir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və mədəni sahələrdə qurulan əməkdaşlıq regional və beynəlxalq səviyyədə ciddi əhəmiyyətə malikdir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollarlıq sərmayə qoyub ki, bu da qonşu ölkədə yaradılan müsbət sərmayə mühitinin və hər iki tərəfin qarşılıqlı maraqlarının əksidir. Azərbaycan investorlarının Gürcüstanda aktiv fəaliyyəti, iqtisadi sahədə əlaqələrin daha da dərinləşəcəyinə işarədir. Azərbaycan və Gürcüstan enerji sektorunda da strateji tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Gürcüstan, Azərbaycan qazının tranzitində mühüm rol oynayır. Belə ki, Azərbaycan hazırda Gürcüstan tranziti vasitəsilə öz qazını 11 ölkəyə ixtrac edir. Gürcüstanda istehlak edilən qazın 80 faizindən çoxu Azərbaycanın payına düşür. Biz əminik ki, bu sahədə də əməkdaşlıq gələcəkdə daha da genişlənəcəkdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz – Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat dəhlizi – həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyətə malikdir. Bu layihə təkcə iki qonşu ölkənin iqtisadi potensialını artırmaqla qalmır, eyni zamanda regionun beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə zəmin yaradır. Azərbaycan və Gürcüstan uzun illərdir ki, bir sıra beynəlxalq layihələrdə uğurla əməkdaşlıq edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr bu əməkdaşlığın bariz nümunəsidir. Orta Dəhliz də bu uğurlu əməkdaşlıq tarixinə yeni bir səhifə əlavə edir. Bu dəhliz Azərbaycan və Gürcüstanın infrastruktur imkanlarını inkişaf etdirməklə yanaşı, iqtisadi inteqrasiyanı dərinləşdirir və regionun qlobal ticarətdəki rolunu artırır. Azərbaycan və Gürcüstan Orta Dəhlizdə əsas strateji mövqedədirlər. Hər iki ölkə bu layihədə Avropa ilə Asiya arasında körpü funksiyasını yerinə yetirir. Bu körpü yalnız coğrafi baxımdan deyil, həm də mədəni, iqtisadi və siyasi baxımdan əhəmiyyətlidir. Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində aparılan işlər və Azərbaycanda nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması bu dəhlizin müasirləşdirilməsinə xidmət edir. Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq, həm xalqlarımızın rifahını artırır, həm də regionun beynəlxalq arenadakı strateji mövqeyini gücləndirir. Orta Dəhliz, həm Azərbaycan, həm də Gürcüstan üçün davamlı inkişafın və qarşılıqlı faydanın simvolu olaraq qalacaq. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və QDİƏT çərçivəsində sıx əməkdaşlıq edirlər. Ölkələrimiz bir-birinin milli maraqlarını və ərazi bütövlüyünü dəstəkləyir, bu isə münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.