Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.
Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfərinin xüsusi əhəmiyyəti var. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, İ.Kobaxidze Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edərək, iki dövlət arasındakı regional əməkdaşlığa və strateji tərəfdaşlığa verilən yüksək önəmi nümayiş etdirdi. Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və bu rəqəmin artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən, Gürcüstanın təbii qaz istehlakının 80%-dən çoxu Azərbaycanın payına düşür. Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Görüşdə, həmçinin Orta Dəhliz layihəsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması məsələləri müzakirə olundu. Azərbaycan və Gürcüstanın strateji mövqeyi Avropa ilə Asiya arasında körpü rolunu oynamağa imkan verir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız region ölkələrinin deyil, həm də qonşu ölkələrin iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Gürcüstan və Azərbaycanın nəqliyyat infrastrukturlarını paralel şəkildə inkişaf etdirməsi və rəqəmsal texnologiyaların tətbiqi bu sahədə daha səmərəli nəticələr əldə etməyə imkan verir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına indiyədək 3,6 milyard ABŞ dolları həcmində sərmayə yatırmışdır. Bu, iki dövlət arasındakı iqtisadi əlaqələrin nə qədər dərin olduğunu göstərir. Prezident İlham Əliyev Gürcüstanda sərmayələr üçün yaradılan müsbət iqlimi yüksək qiymətləndirərək, bu əməkdaşlığın davamlı inkişafını vacib hesab etdiyini bildirdi.
Görüş zamanı dövlətimizin başçısı Gürcüstanın siyasi sabitliyinin Cənubi Qafqazda ümumi sülh və inkişaf üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Gürcüstanın “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi bu sabitliyin davamlılığını təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilir. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Görüş iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov
Azərbaycan və Gürcüstan mühüm strateji tərəfdaşdır
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatında “Bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir”. “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edən cənab İlham Əliyev vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan və Gürcüstan arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu gün hər iki xalq bütün sahələrdə çox uğurla əməkdaşlıq edir. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin ilk səfərini ölkəmizə etməsi Gürcüstanla münasibətlərin xüsusi xarakterindən və mahiyyətindən xəbər verir. Dövlət başçımız baş nazirlə görüşündə qeyd etdi ki, gürcü xalqı keçirilən seçkidə öz gələcəyini, milli dəyərlərinə hörmətini, irsini, təhlükəsizliyini və inkişafını qorumağı seçdi.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirildi. Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır. İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə tələbatın artdığı zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsi iki ölkənin öz maraqlarını təmin etməsinə imkan verir. Regional çərçivədə qurulan əlaqələrin coğrafiyası hazırda genişlənir. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Enerji layihələri iə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurlu icrası hər iki ölkənin tranzit imkanlarının artmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin mətbuata bəyanatda qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu rəqəm 25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev