Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yürüdən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.
Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, beynəlxalq arenada Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olub.
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır.
Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir.
Azərbaycan və Gürcüstan arasında əlaqələr XX əsrin sonlarında yaranmışdır. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Həmin dövrdə prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 123 sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Bu gün Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın qazandığı uğurlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud qatıldığı tədbirlərin miqyası bunu deməyə əsas verir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi xarakterizə edilir. Azərbaycan xarici siyasətində qonşularla münasibətlərinə xüsusi diqət göstərir və qarşılıqlı etimad mühitinin qorunması fonunda möhkəmlənən əməkdaşlıq digər ölkələrə nümunə göstərilir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi özündə mühüm məqamları ehtiva edir. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında xalqlarımızın əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadıqlarını, bu ənənələrin bu gün də davam etdiyini xüsusi vurğuladı. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi əlaqələrimiz bütün qonşular üçün nümunədir. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi yer tutur. İki dost, qonşu ölkənin iqtisadi əlaqələrdə yüksək nəticələri var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu onu göstərir ki, Gürcüstan hökumətinin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, bu ölkədə olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir.
Regional əməkdaşlığın qurulmasında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin reallığa çevrilməsi ilə təkcə iştirakçı deyil, digər dövlətlərin də iqtisadi inkişafı üçün geniş imkanlar yarandı. İllər keçdikcə bu əməkdaşlığın coğrafiyası genişlənməyə başladı. Hazırkı dövrün əsas çağırışının yaşıl enerjiyə keçid olduğunu, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına çağırışlara əsasən yeni əməkdaşlıq formatlarının yaradıldığını nəzərə alsaq, Azərbaycan və Gürcüstanın bu istiqamətdə də əlaqləri yüksək səviyyədədir. Azərbaycanın ötən ilin noyabrında COP29 iqlim konfransına uğurlu ev sahibliyi bütün bu məsələlərə, əməkdaşlığa işıq saldı. Onu da qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olmuşdu.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru
Enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq.
Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, İ.Kobaxidze Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edərək, iki dövlət arasındakı regional əməkdaşlığa və strateji tərəfdaşlığa verilən yüksək önəmi nümayiş etdirdi.
Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Azərbaycan 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və bu rəqəmin artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən, Gürcüstanın təbii qaz istehlakının 80%-dən çoxu Azərbaycanın payına düşür. Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur.
Bu gün Azərbaycan və Gürcüstanın strateji mövqeyi Avropa ilə Asiya arasında körpü rolunu oynamağa imkan verir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız region ölkələrinin deyil, həm də qonşu ölkələrin iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Gürcüstan və Azərbaycanın nəqliyyat infrastrukturlarını paralel şəkildə inkişaf etdirməsi və rəqəmsal texnologiyaların tətbiqi bu sahədə daha səmərəli nəticələr əldə etməyə imkan verir.
Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. İki dövlətin birgə həyata keçirdiyi layihələr yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacaq.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru