BMT-nin Baş katibi Antoniu Quterreş və Təşkilatın digər əməkdaşları Qara dəniz limanlarından Ukrayna taxılının ixracını nəzərdə tutan ərzaq sazişini genişləndirmək və bir il müddətinə uzatmaq üzərində işləyirlər.
“Qanunla.az” xəbər verir ki, bu barədə “Reuters” Baş katibin sözçüsü Stefan Düjarrikə istinadən yazıb.
Bildirilib ki, hazırkı razılaşmanın müddəti noyabrın sonunda başa çatır. S.Düjarrik qeyd edib ki, hələlik lazımi razılaşmalar əldə olunmayıb. Eyni zamanda o, əlavə edib ki, BMT nümayəndələri də Rusiya taxılının və gübrələrinin ixracının sadələşdirilməsi üzərində işləyirlər.
Düjarrikin sözlərinə görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits və BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan sazişlə bağlı məsələləri müzakirə etmək üçün bir həftə sonra Rusiyanın paytaxtı Moskvaya səfər edəcəklər.
Xatırladaq ki, taxıl razılaşması iyulda əldə olunub. Onun şərtlərinə əsasən, üç Qara dəniz limanından taxıl ixracı üçün dəhliz açılıb və BMT Rusiyaya qarşı ərzaq və gübrə ixracına mane olan sanksiyaların aradan qaldırılmasını asanlaşdırmağı vəd edib.