image-970_50
image-_fkh2988_89_90_tonemapped

Bu gün Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır

image-suni_mayalanma_qiymeti

Bu gün Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır

Azərbaycan müstəqillik illərində həm dünyanın əksər ölkələri ilə, həm də beynəlxaq təşkilatlarla sıx əlaqələr qurub. Bu əlaqələr, bu və ya digər ölkələrlə iqtisadi-ticari, eləcə də, siyasi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq bu gün də uğurla davam etməkdədir. Şübhəsiz ki, Azərbaycanın dünyaya inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə bağlı çoxşaxəli siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Cənab İlham Əliyevin prezidentliyi dövründə isə istər ayrı-ayrı ölkələrlə, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr nəinki davam etdirilib, hətta daha da genişləndirilib.
Bu gün Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Avropaya inteqrasiya istiqamətində çox uğurlu addımlar atıb, demokratik dəyərlərin tətbiqi sahəsində nailiyyətlər qazanıb. Azərbaycan Avropa Şurasının, ATƏT-in fəal üzvlərindən biridir. Ölkə parlamenti tərəfindən müstəqillik illərində qəbul olunmuş qanunlar mütəmadi olaraq Venesiya Komissiyası və ATƏT DTİHB-in müsbət rəylərini alıb. Azərbaycan parlamentinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının işində fəal iştirak edir.
Bundan əlavə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol ayrıca bir söhbətin mövzusudur. Bununla bağlı Avropa İttifaqının ayrı-ayrı rəsmi şəxsləri, eləcə də ABŞ diplomatları həmişə yüksək fikirlər söyləmiş, Azərbaycanın bu sahədə oynadığı rolu dəyərləndirmişlər. Aİ rəsmisi Şarl Mişel Azərbaycana sonuncu səfəri zamanı Ələt Azad İqtisadi Zonası ilə yaxından maraqlanıb.
Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi BMT çərçivəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirir. Ölkəmiz təşkilatın üzvü olan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək təşkilatla münasibətlərini daha da möhkəmləndirmişdir. Pandemiya dövründə bu münasibətlər daha da dərinləşib. Azərbaycan pandemiya ilə mübarizə ilə bağlı BMT-də xüsusi iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib və təşəbbüs təşkilat üzvləri tərəfindən dəstəklənib.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.

Prezident cənab İlham Əliyev bu il oktyabrın 2-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də bu barədə, eləcə də, Azərbaycan qazının Avropaya ixracı haqqında danışıb. Dövlətimizin başçısı deyib ki, biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır: “Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən, alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq”.
Prezident bildirib ki, Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün, ən azı, 100 ilə kifayət edər. Hazırda ölkəmiz yeni yataqların kəşf edilməsi mərhələsindədir. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır: “Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”.
Azərbaycan son iki ildə koronavirus pandemiyası ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edib. Təşkilata 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik.
Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Qoşulmama Hərəkatının sədri qismində rəsmi Bakı bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında ölkəmizdə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19-la mübarizəyə həsr edilmiş Zirvə toplantısı təşkil edilib. Prezident İlham Əliyev Zirvə toplantısı zamanı Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif edib. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənib və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutub. Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib: “Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Azərbaycan liderinin sözlərinə görə, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var, ona görə də pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin Yüksək Səviyyəli Paneli yaradılmalıdır.
Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyidir. Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində hərəkata sədrliyi öz üzərinə götürüb. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.
Azərbaycan Şərq–Qərb, Şimal–Cənub və Şimal–Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Artıq Bakı Beynəlxalq Ticarət Limanı istifadəyə verilib ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

44 günlük müharibə 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı.
Azərbaycana qarşı təxribatlar davam etdirildi və 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu”.
Bu gün Cənubi Qafqazda sülhün və inkişafın davamlı olması üçün Azərbaycan Ordusu öz döyüş hazırlığını daim ən yüksək səviyyədə saxlamalıdır: “Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 18 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşür.

Nailə Əliyeva -Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

İşğal olunmuş ərazilər 30 il ərzində rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmışlar

Erməni vandalları tərəfindən Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurd-yuvalarından didərgin salınması ilə bərabər, şəhər və kəndlərimizin də tamamilə yerlə bir edilib, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar vəhşicəsinə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Ermənilərin bu əməlləri onlar üçün heç bir müqəddəs dəyərin olmadığını göstərir. Ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sineqoqlar tikilib, yeni kilsələr inşa edilib. Ermənilər isə, əksinə, İslam mədəniyyətinin incisi olan məbədləri dağıdıb, regionda dini müharibə məsələsini qızışdırmağa və bu münaqişəni xristian-müsəlman qarşıdırması kimi təqdim etməyə cəhd göstəriblər. Bütün dağıntılar məqsədli şəkildə edilib. Bu torpaqlarda bütün milli izlərimiz silinməyə çalışılıb. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb talamaqla bərabər, həm də qeyri-qanuni şəkildə obyektlər inşa edib, dini tikililər istifadəyə verib. Digər tərəfdən düşmən Azərbaycanın işğal olunmuş bölgələrində nəsillər boyu yaşayan azərbaycanlıların evlərini və mədəni irsini yerlə yeksan edib. Belə vəhşiliklə kifayətlənməyən işğalçı Azərbaycanın azad etdiyi ərazilərdə “mədəniyyət cinayətləri törətdiyini” kimi əsassız iddialar irəli sürüb. Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiqliyini dəfələrlə təsdiqləyib və bu, dəyişməz olaraq qalır. Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran ən mühüm vəzifədir. Ümumiyyətlə, düşmənin müqəddəs yerlərə qarşı bu çür çirkin hərəkətləri nə dinə, nə də insanlığa sığır. İşğaldan azad olunan ərazilərdə yerləşən abidələrin demək olar ki, hamısı acınacaqlı vəziyyətdədir. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Eyni zamanda, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

Ləman Səfərəliyeva – Fəal gənc

 

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Qələbəmiz dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün digər sahələrlə yanaşı, hal hazırda bütün dünyanı əhatə etmiş koronavirusla mübarizə istiqamətində ölkəmiz öz töhfəsini verməklə, Pandemiya ilə qlobal mübarizədə bir sıra təşəbbüslərlə çıxış edir, pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etməklə yanaşı, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüsləri irəli sürüb. Beləliklə, pandemiya ilə mübarizə məsələsində Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, örnək göstərilir. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlardan etibarən Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.

Ələkbər Kərimov -Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Zəngəzur dəhlizi reallığa çevrilir

Zəngəzur dəhlizi Azərbaycanın Zəngilan rayonunun Naxçıvanla birləşdirilməsi ilə yanaşı həm də regionda Türkiyə, İran, Rusiya və Ermənistan üçün iqtisadi baxımdan yeni perspektivləri açır. Lakin işığa açılan qapısı məsələsində Ermənistan addımlar atmaq istəmir.
Zəngəzur dəhlizi bir çıxışlı deyil, burada avtomobil, qatarla ölkələrin bir birinə çıxışı var. Deməli bayaq dediyimiz Rusiya, Türkiyə, İran elə Ermənistanın özü bahalı hava nəqliyyatını dəmir və avtomobil yolu ilə əvəz edə biləcək. Bunu Azərbaycan tərəfi dəfələrlə məntiqli şəkildə izah edib.
Zəngəzur dəhlizinin reallaşdılmasının yubanması məsələsində ən çox itirən blokada şəraitində olan Ermənistandır. Çünki digər ölkələrin alternativ yolları var.
Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində qələbə əldə etdi. Təslim olan Ermənistan noyabrın 10-da Azərbaycan və Rusiya liderləri ilə atəşkəs bəyanatı imzaladı.
Bəyanatda qeyd olunan məsələlərdən biri də, Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır.
Prezidentimiz cənab İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışı zamanı demişdir: “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.
Heç təsadüfi deyil ki Türk Şurasının fəxri sədri, qardaş Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev də öz çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək, iqtisadi əlaqələrin önəminə toxundu: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”. Bəli, Türk Şurasının hazırkı sədri olan Azərbaycan Prezidenti öz çıxışın Vətən müharibəsinə, onun tarixinə və nəticələrinə həsr etdi.
Prezidentin özünün dediyi kimi, bu, təbiidir, çünki videokonfrans iştirakçısı olan ölkə başçılarının məsələnin mahiyyətini bilməsi vacibdi. Azərbaycan Prezidentinin çıxışında qardaş Türkiyə dövlətinə, şəxsən Cümhurbaşqanı Ərdoğana, Türk Şurasına, şəxsən Şuranın fəxri sədri Nazarbayevə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına bizə göstərdikləri siyasi, mənəvi dəstəyə görə təşəkkür etdi. Necə deyərlər, heç nə unudulmur, heç nə yaddan çıxmır.

Şəhla Eminova –əməkdar müəllim

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu

Prezident cənab İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında demişdir: “2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru

 

Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır.

Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Burada cənab Prezident İlham Əliyevin bu fikirlərini xatırlatmaq yerinə düşər: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
Bu məqsədlə görülən qabaqlayıcı tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur. Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır.
Ölkləmizdə virusla mübarizə məqsədi ilə xalqın prezidentin çağırışına səs verməsi onu göstərir ki, Azərbaycanda dövlət quruculuğu yüksək səviyyədədir. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və cəmiyyətin göstərdiyi dəstək bunun bariz nümunəsidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı zamanı cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.
Ölkə prezidentimiz cənab İlham Əliyev “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir;
Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Prezidentimiz çıxışından daha bir sitat: “Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.”

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində ölkəmizə qarşı genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlanılmış Vətən müharibəsində Azərbaycan xalqının dünya tarixində misli görünməmiş, birlik, həmrəylik və fədakarlıq göstərərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi, düşmənə sarsıdıcı zərbələr endirildi.
27 sentyabr 2020-ci il. Vətən müharibəsinin başladığı, xalqımızın öz əzəmətini, qüdrətini, birliyini nümayiş etdirərək mənfur ermənilərə – yağı düşmənə göz dağı vermək, birinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımıızın qisasını almaq üçün yaranmış tarixi gün. “Müharibə” sözü öz leksik mənasında nə qədər dəhşətli səslənsə də, onun əvvəlindəki “Vətən” sözü həmin anlama bir müqəddəslik gətirir. Bəli, biz Vətən müharibəsi – ikinci Qarabağı savaşı ilə 30 il tapdaq altında inildəyən, bizdən imdad diləyən torpaqlarımızı ikiüzlü, hiyləgər, tarixi şəxsiyyətlərin belə ikrahla xarakterizə etdiyi ermənilərdən azad etmək üçün “Dəmir yumruğa” döndük. Ölkəmizdə hər kəs – uşaqdan böyüyə, cavandan qocaya hamı, eləcə də əqidəsindən, partiya mənsubluğundan asılı olmayaraq Müzəffər Ali Baş Komandanın – cənab prezidentimiz İlham Əliyevin ətrafında birləşdi. Cəmiyyətimizin bütün sferalarında yalnız qələbə əzmi nümayiş etdirilərək rəşadətli  ordumuza dəstək olduq. Bu qələbə əzmi, həmrəylik, birlik-bərabərlik cəmi 44 günə bizi Qələbəyə çatdırdı. Vətən müharibəmiz dünya hərb tarixində öz yeni taktikaları, canlı qüvvəsinin igidliyi, qorxmazlığı və şücaəti ilə ilklərə imza ataraq Zəfərlə başa çatdı. Zəfərimizlə beynəlxalq aləmdə Azərbaycanı sevənlərə də, qısqananlara da  hərb dərsi verdik.
30 ilə yaxın Azərbaycan torpaqlarını işğal etmiş yüz minlərlə azərbaycanlını didərgin etmiş və on minlərlə azərbaycanlını məhv etmiş uşaqların və qadınların qatilləri nəhayət Azərbaycan xalqının qəzəbini 27 sentyabrdan görməyə başladı.
Bu zaman bizim minlərlə igidimiz şəhid oldu. Bir çox əsgər və zabit qazi oldu. Lakin Azərbaycan xalqı bir yumruq kimi öz ordusunun, öz Ali Baş Komandanın ətrafında birləşərək düşmənə cavabı verməyə başladı. Bu Azərbaycan xalqının tarixində şanlı günlərin başlanğıcı, Azərbaycanın qələbəsinin başlanğıcı oldu. Müharibədə düşmən təxribatı nəticəsində mülki əhali də şəhid oldu. Azərbaycan xalqı olaraq biz onları daim anırıq və hər zaman anacağıq.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

Pandemiya fəsadları ilə mübarizə.

2020-ci il başlayandan dünyanı yeni bir bəla-koronavirus pandemiyası öz ağuşuna alıb. Qlobal infeksiya çox saylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini ciddi iqtisadi,maliyyə səhiyyə və sosial problemlərlə üz üzə qoydu. İqtisadi inkişaf səviyyəsindən, dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, hazırda bütün ölkələr pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Ancaq digər ölkələrdən fərqli olaraq Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı. Aşkarlandığı vaxtdan bu günə kimi, ölkəmiz COVID-19 virusuna qarşı effektli mübarizə aparır. Digər dövlətlərlə müqayisədə Azərbaycan pandemiyadan ən az zərər görən və minimum itki ilə üzləşən ölkələrdəndir. Bunun səbəbi, təbii ki, dövlətimizin dayanıqlı iqtisadi qüdrəti və yaranmış vəziyyətə çevik adekvat reaksiyasıdır. Dövlətimiz virusla mübarizədə bütün mümkün tədbirləri görür. Virusa aparılan mübarizədə, görülən tədbirlərdə verilən qərarlarda ilk növbədə Azərbaycan xalqının sağlamlığı və Azərbaycan dövlətinin təhlükəsizliyi dururdu. Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən cənab Prezident İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub və bütün diqqəti bu sahəyə yönəldib. Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. Pandemiya ilə mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Təsadüfi deyil ki, bu müstəvidə təşkilat Azərbaycanı nümunəvi ölkə hesab edir. Dövlətimiz pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər ciddi nəticələr verməkdədir. Sevindirici haldır ki, artıq koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və  müsbət dinamika müşahidə olunur. Cəmiyyət olaraq, pandemiya ilə mübarizədə birlik nümayiş etdirməli, dövlətimizin yanında olmalı, karantin qaydalarının pozulmasına yol verməməli, məsuliyyətsiz davranan soydaşlarımıza ictimai qınağı gücləndirməliyik.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki