image-970_50
image-endirme-3

Bu gün Milli Dirçəliş Günüdür

image-728_90

 

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Azərbaycan ötən ildən etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və fərəhlə qeyd edir.

Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad etdi. Bu, həm də İranla 132 kilometr sərhədin bərpa olunması deməkdir.

Azərbaycan bu gün Ermənistana diktə edən tərəfə çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanın gücü yeni mərhələyə keçid edərək İrəvan üzərində əlavə rıçaqların qazanılmasına gətirib çıxarıb.

Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki