Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.
“Qanunla.az” xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq. 11 xalla 6-cı sırada yer alan “Turan Tovuz” 8 xalla turnir cədvəlində özündən 1 pillə aşağıda qərarlaşan “Səbail”lə qarşılaşacaq.
Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. Bölgə təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Turun digər oyununda “Zirə” “Sabah”ın qonağı olacaq. Murad Musayevin baş məşqçi olduğu meydan sahibləri hazırda 22 xalla 2-ci, Rəşad Sadıqovun rəhbərlik etdiyi qonaqlar isə 16 xalla 4-cü pillədə qərarlaşıblar.
İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıb. 5 oyun heç-heçə başa çatıb. Topların nisbəti də “Sabah”ın xeyrinədir – 25:21.
Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan “Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
15 oktyabr (şənbə)
15:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
Tovuz şəhər stadionu.
17:30. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Qəbələ” ilə heç-heçə edib – 1:1. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.