image-qanunla-reklam
image-baki-bulvari_9

Bu, ölkəmizə külli miqdarda valyuta gətirə bilər

image-lady-day-az

Azərbaycan logistik mərkəzə çevrilməlidir, azalan neft gəlirlərini tranzit ölkə, ticarət mərkəzi olmaqla kompensasiya edə bilərik.

Qanunla.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, ADY-nin İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarovun hazırda qatarların orta sürətinin 25-30 km/saatdan çox olmaması haqda çıxışını xatırladıb:

“Elçin müəllim deyir ki, infrastruktur çox köhnəlib – adam haqlıdır, ölkədə bəzi mütəxəssislər, ekspertlər ADY-də sürətin çox aşağı olduğunu, ölkədaxili istiqamətlərdə sərnişindaşımaların tam açılmadığını deyirlər, amma nəticədən danışırlar, səbəb isə təkdir – ADY-yə böyük həcmli investisiyalar lazımdır, bu, ölkəmiz üçün prioritet, əsas milli proqram olmalıdır. Hər il büdcədən “qəpik-qəpik” ayrılan vəsaitlə sürətli və keyfiyyətli daşımalara keçid uzun zaman alacaq. Məmləkətin neftdən kənar pul qazanması üçün elə də çox zamanı yoxdur. Orta Dəhliz, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərinin çox sərfəli və rəqabətli olması üçün böyük yatırımlar lazımdır. ADY-nin komandası nə qədər yaxşı işləsə də, vəsait çatışmazlığı onlara mane olacaq”.

Ekspert qeyd edib ki, ADY-nin müsbət fəaliyyəti nəticəsində son bir ildə nəqliyyat sektorunun ÜDM-də payı 5,4%-dən 7,0%-ə yüksəlib:

“Yəni qeyri-neft sektorunun bu sahəsində 1 ildə ÜDM-də pay 1,6% artıbsa, deməli, bu sahənin böyük potensialı var.

Türkiyəli nazir Abdulqadir Uraloğlu elan etdi ki, Türkiyədən Bolqarıstana ikinci dəmir yolu xətti çəkilir və bu yol tez tamamlanacaq, Orta Dəhliz və BTQ-nin davamı kimi yükdaşımaların 35% artmasına səbəb olacaq. Nazir BTQ-yə çox önəm verdiklərini, Orta Dəhliz layihəsinin 21-ci əsrin əsas logistik layihələrindən biri olduğunu qeyd edib, deyib ki, Azərbaycanla bu sahədə çox sıx əməkdaşlıq davam edir və Bolqarıstan da bu layihəyə ciddi maraq göstərir.

ADY-yə böyük vəsait ayrılmalı, yollar təmir olunmalı, sürət və təhlükəsizlik artırılmalıdır. Bu, məmləkət üçün böyük qazanc mənbəyi olmaqla yanaşı, siyasi-coğrafi önəmimizi də dəfələrlə artıracaq. Rəvan yol sabitlik deməkdir, onlarla ölkənin marağında olan yol üzərində dalğalanmalar, münaqişələr də olmaz”.

N.Cəfərli Bolqarıstanda ünsiyyətdə olduğu iqtisadçılar, mütəxəssislərin də Orta Dəhlizə ölkələrinin böyük önəm verdiyini, payçı, iştirakçı olmaq istəyini bildirdiklərini vurğulayıb:

“Azərbaycana da çox böyük rəğbət var – bundan istifadə etmək lazımdır. Əgər yaxşı çalışsaq, bir gün qatarla Bakıdan Sofiyaya, ordan da Afinaya, bütün Avropaya sərnişin səfərləri də təşkil etmək olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki