image-qanunla-reklam
image-andicme-esas

Bu tələbələrin hərbi çağırışdan möhlət hüququ ləğv edilib?

image-lady-day-az

Sosial şəbəkələrdə magistratura pilləsi üzrə xarici universitetlərə qəbul olmuş şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Şikayətçilərin iddialarına görə, hərbi çağırışla bağlı möhlət almaq üçün müraciət etdikdə onlara bildirilib ki, xarici ölkələrdə magistratura pilləsinə qəbul olan şəxslərin möhlət hüququ ləğv edilib. Bu hüquq ancaq dövlət xətti ilə xaricdə və yerli universitetlərə qəbul olunan şəxslərə veriləcək.

Məsələ ilə bağlı Qanunla.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, “Hərbi xidmət haqqında” qanuna görə ali təhsil müəssisələrinin bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan şəxslərə bir dəfə hərbi xidmətdən möhlət hüququ verilir:

“Ancaq torpaqlarımızın işğaldan azad edilməsindən sonra müdaxilə edə biləcəyimiz ərazilər genişlənərək sərhədin uzanması səbəbindən Azərbaycan Ordusunda ehtiyat əsgər ehtiyacı yarandı. Hazırda bizə də magistratura, hətta bakalavr və subbakalavr məzunlarının xarici ölkələrdə təhsil almağına baxmayaraq, onlara möhlət verilməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Biz bu məsələni iki tərəfdən araşdıra bilərik. Birincisi, vətənpərvərlik baxımından hərbi xidmət hər kəsin borcudur. Ancaq digər tərəfdən hesab edirəm ki, onsuz da onlar hərbi xidmət borclarını yerinə yetirəcəklər. Bizə ali təhsilli insanlar da lazımdır”.

K.Əsədov magistratura pilləsi üzrə xaricdə təhsil alanların sayının maksimum 600-700 nəfər olduğunu vurğulayıb:

“Azərbaycan Ordusunun isə kifayət qədər gücü var. “Hərbi xidmət haqqında” qanuna görə magistratura pilləsində xarici ölkələrdə təhsil alan şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir. Qeyri-rəsmi formada isə komissarlıqlardan tələbələrə belə bir informasiya bildirilib ki, əgər bakalavrlar Azərbaycanda magistratura pilləsinə qəbul olmayıbsa, onlara təhsilə görə möhlət hüququ verilmir. Ancaq bu, həmin şəxslərin təhsil hüququnun məhdudlaşdılırmasıdır. Bu, doğru addım deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki