image-qanunla-reklam
image-aqdam

Bütün həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır

image-lady-day-az

Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların – dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə son dərəcə sevindiricidir. Milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin böyük rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Fondun Azərbaycanın zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə, muğamların, aşıq musiqisinin bəşəriyyətə tanıdılmasına, sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə, eyni zamanda, maarifçiliyə xidmət edən çoxsaylı layihələrinin qayəsində yalnız bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək vermək! Fond bu məqsədi müxtəlif beynəlxalq qurumlarla münasibətləri genişləndirməklə, YUNESKO və İSESKO kimi mötəbər təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmaqla həyata keçirir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında demişdir: “Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır…Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Məmmədov Nurəddin Nizam oğlu,
Saatlı rayon ziyalısı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki