Bütün sahələri əhatə edən əməkdaşlıq.
Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Xatırladaq ki, XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.Qars müqaviləsindən yüz il sonra – 15 iyun 2021-ci ildə iki qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi və hərbi-strateji əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.Bəyannamə həmçinin Ermənistana və onun havadarlarına ciddi mesajdır: Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi şəraitində ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq birliyin diqqətinə çatdırır. 2020-ci ildə Zəfər paradını birlikdə qəbul edən, növbəti il isə Şuşa Bəyannaməsini imzalayan Prezident cənab İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə almağa qadirdir.Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Cəvahir Murtuzayeva-Zərdab Gənclər Evi SXM-in psixoloqu.
Müttəfiqlik münasibətləri.
Bölgə üçün mühüm əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi imzalanan vaxt demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, “dəmir yumruq”la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır. “Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, – deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi. Bu, böyük bir tarixi nailiyyət idi. Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi.Şuşa Bəyannaməsi hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrini əhatə edir. Bəyannamə Azərbaycanla Türkiyənin istisna olaraq bütün məsələlərdə bir mövqedən çıxış etməsinə hüquqi əsas verib. Bəyannamədə bu bəndin vurğulanması da təsadüfi deyil: “Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir”. Digər tərəfdən, iki türk dövlətinin münasibətlərini siyasi dialoq üzərində qurmaları Cənubi Qafqazın geosiyasi mənzərəsinə əməkdaşlıq və təhlükəsizlik aspektlərində yeni ruh verir. Bu tezisin konkret təzahürləri Bəyannamədə mövcuddur.Azərbaycan və Türkiyə bu mənzərəni qonşuları təhdid etməklə, onların maraqlarına toxunmaqla, dağıntılarla, inkişaf yollarını qapamaqla deyil, əksinə, geniş bir əməkdaşlıq ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaqla, abadlıqla, quruculuqla formalaşdırır. Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir. Ərazilərimiz azad edildikdən sonra bərpa və quruculuq işlərinə start verildiyi ilk günlərdən Azərbaycan Prezidenti İlham Əliyev bu layihələrdə yaxından iştirak üçün bütün dost ölkələrə çağırış etmişdi. Bu məsələdə də səsimizə səs verən ilk ölkə məhz Türkiyə Respublikası oldu. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Şuşa bəyannaməsinin imzalanmasından üç il ötür. Dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da artacağını deməyə əsas verir. Bu, adi regional anlaşma deyil. Şuşa bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin və s. vacibliyini bir daha sübut etməklə yanaşı, onun qlobal əhəmiyyətini də göstərdi.
Toğrul Abulov-Zərdab Gənclər Evi SXM-in əməkdaşı