image-qanunla-reklam
image-img_20211015_225931

Çağdaş Azərbaycanın Parlament diplomatiyası

image-lady-day-az

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini-demokratiya və insan hüquqlarının inkişafını, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat nəticə ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir. Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik və iqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumun davamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlham Əliyevin siyasətində demokrtatik dəyərlərin inkişafı və implementasiyası ilə yanaşı, Azərbaycan dünya iqtisadi sisteminə dərin inteqrasiyası prinsipi, iki və çoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur. Bu gün işğal olunmuş torpaqlarını azad edən, qalib sərkərdə – Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan uğurlu və hücum xarakterli diplomatiya buna əyani sübutdur. Beynəlxalq münasibətlər sahəsində Prezidentin fəaliyyəti Konstitusiyada müəyyənləşdirilib və prezident respublikaları üçün qəbul olunan standartlara uyğundur. O, Azərbaycanın xarici siyasətinə rəhbərliyi həyata keçirir, danışıqlar aparır, beynəlxalq müqavilələr imzalayır, Ali baş komandan kimi hərbi münaqişə zamanı dövlətin qanunlarını və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə üçün silahlı qüvvələrin tətbiqini, neytrallığın elan olunmasını, saziş və sülh imzalanmasını həyata keçirir. Parlament isə Monteskyonün ayırdığı üç hakimiyyətdən birini – qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir. Azərbaycan parlamenti tarixə Şərqdə ilk parlament kimi düşüb. Sovet dövründə isə ölkəmizdə parlament funksiyasını Azərbaycan SSR-in Ali Soveti həyata keçirib. Sovet dövründə və müstəqilliyin ilk illərində Ali Sovet adlanan parlament 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisi adlanır. Əlbəttə, bir neçə gün sonra 30 illiyini qeyd edəcəyimiz müstəqil Azərbaycan dövləti nə daxili, nə də xarici vəziyyətinə görə öz sələfi ilə müqayisə oluna bilmədiyi kimi, bugünkü Parlament də Cümhuriyyət Parlamenti ilə müqayisəyə gəlmir. Parlamentimiz kifayət qədər zəngin böyük uğurlar əldə etmişdir… Bununla belə, heç zaman unutmaq olmaz ki, ölkəmiz, xalqımız, hansı dövrlərdən, mübarizələrdən keçərək bu günə gəlib çıxmışdır… 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin 60-cı illərinin sonunda Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Ulu Öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir. 1991-ci il 18 oktyabrda Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etsə də, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk müstəqil milli Konstitusiya qəbul olunmuş, parlamentə ilk seçkilər keçirilmişdir. Bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ümumiyyətlə, Milli Məclisin fəaliyyət tarixini araşdırdıqda, görürük ki, qanunvericilik beynəxalq hüquqa uyğunlaşdırılmaqla yanaşı milli mənəvi dəyərləri əsas kimi qəbul edilir. Eyni zamanda, qanunlarda cəzaların hümanistləşdirilməsi, sosial yönümlülük, xarici ölkələrin parlamentarilərı ilə qarşılıqlı əaqələr və beynəlxalq tribunalarda təmsilçilik parlamentin fəaliyyətinin prioritet istiqamətləridir. Müstəqil Azərbaycanın xarici  siyasət  strategiyasında  parlament diplomatiyası mühüm  yer tutur. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001-2003-cü illərdə ölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdə aparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumat verir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul olunmasına nail olurdu. AŞPA-nın vitse-prezidenti kimi cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik maddələr əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırmışdır. Cənab İlham Əliyevin parlament fəaliyyətində əsasını qoyduğu belə cəsarətli və hücum xarakterli diplomatiya ənənəsi bu gün də uğurla davam etdirilir. Bu, istər beynəlxalq təşkilatlarında, istərsə də ölkələrarası parlament əməkdaşlığında deputatlarımızın fəaliyyətində özünü göstərir. Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevanın parlament fəaliyyəti Milli Məclis tarixində xüsusi rolu vardır. Mehriban xanım millət vəkili olduğu ərəfədə seçicilərə olan diqqət və qayğısı, qanunvericilik təşəbbüsü ilə parlament mədəniyyətinin inkişafına yeni töhvələr vermişdir. Onun Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsilçiliyi, Azərbaycan xalqının həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, şəxsi nüfuzu və fəaliyyəti ilə ölkəmizin xeyrinə beynəlxalq qərarların qəbul olunmasındakı xidmətləri parlament tarixinin möhtəşəm səhifələrindəndir. Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan parlamentini – Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından fərqləndirən başlıca xüsusiyyət məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan Parlamenti – Milli Məclisi öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının parlamenti siyasi sistemdə qanunvericilik institutu kimi cəmiyyətin siyasi proseslərinə güclü təsir edir. Milli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, milli təhlükəsizliyi əsas yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində  Milli Məclisin rolu getdikcə artır. Milli Məclisin qəbul etdiyi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunu dövlətin beynəlxalq əlaqələrdə münasibətlərini nizamlayır. Parlamentlərarası münasibətlər beynəlxalq hüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində, ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksini tapmışdır. Milli Məclis milli tələbata cavab verən beynəlxalq Konvensiyaları qəbul edir. Konvensiyaların qəbul edilməsi parlamentin beynəlxalq aləmdə nüfuzunu artırır. Beynəlxalq konvensiyaları qəbul etmədən parlamentlərarası əlaqələrin yaradılması çətin problemlərlə qarşılaşır. Parlamentlərarası əlaqələr müxtəlif formalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə, dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması, parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarında iştirak etmək təcrübəsi geniş yayılmışdır. Azərbaycan respublikasının Milli Məclisi aşağıdakı parlamentlərarsı təşkilatların işində iştirak edir:

 

Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assamleyası, Avronest Parlament Assamleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, NATO Parlament Assambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, o cümlədən Ermənistanın işğalşılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunmuşdur. Bu gündə beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır. Ümumiyyətlə, nəzər saldıqda görürük ki, Azərbaycan Parlamenti öz fəaliyyətində müasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimi qarşısına məqsəd qoymuşdur və fəaliyyəti Milli İnkişaf Modelinə uyğundur. Yeni çağırış parlamentin fəaliyyəti pandemiya böhranı dövrünə təsadüf etsədə, belə şəraitdə parlamentin rolunun artırılması və ictimai nüfuzunun artırılması üçün böyük işlər görüldü. Burada parlamentin yeni simasını, yeni təsir imkanlarını inkişaf etdirən rəhbərliyin rolunu xüsusi qeyd etmək lazımdır. Hətta pandemiya dövründə beynəlxalq əlaqələr canlı şəkildə demək olar ki, fəaliyyəti mümkün olmadı halda, parlament beynəlxalq fəaliyyətini nəinki dayandırmadı, hətta daha da gücləndirərək onlayn beynəlxalq konfransların iştirakçısı oldu. Elə bu dövrdə Milli Məclis 80-dən çox ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırdı və media müşahidəsi onu deməyə əsas verir ki, onlar fəaliyyətlərini səmərəli qururlar. Xüsusilə, Milli Məclisin sədri Sahibə Qafarovanın ilk səfərinin qardaş 10-12 sentyabr 2020-ci il tarixində Türkiyə Cumhuriyyətinə və 21-23 sentyabr 2020-ci il tarixində yaxın qonşu dövlət olan Rusiya Federasiyasına etməsi və ötən bir il ərzində uğurlu xarici həmkarları və parlamentarilərlə görüşlərin keçirilməsi, regionun, o cümlədən ölkəmizi problemlərini yüksək tribunalardan tarixi faktlarla səsləndirməsi böyük əhəmiyət kəsb edir. Yeni çağırış parlament fəaliyyəti ilə onu deməyə əsas verir ki, dövlətimizin “Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatması üçün qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyasında, ikitərəfli çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

 

Zaur Adıgözəlov

Fəlsəfə doktoru, hüquqşünas


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki