Məlum olduğu kimi, Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif edilir. Bu barədə müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, təklif olunan dəyişikliklər hərbi xidmət sistemində daha nizamlı bir yanaşma yaratmaq məqsədi daşıyır, lakin bunun təhsil alan gənclərə təsiri geniş müzakirə tələb edir:
“Yeni dəyişikliklərə əsasən:
Kolleclər: Tam orta təhsil almamış və kollecə daxil olan çağırışçılara yalnız 21 yaşa qədər möhlət hüququ veriləcək. Bu, hazırkı qanunvericilikdəki 22 yaş məhdudiyyətindən bir yaş daha aşağıdır. Bu dəyişiklik tələbələrin daha erkən yaşda təhsilini tamamlamağa təşviq etməyi və daha tez hərbi xidmətə cəlb edilməsini nəzərdə tutur.
Bakalavr: Əyani təhsil formasında bakalavriatda oxuyan tələbələr təhsillərini bitirənədək hərbi xidmətə çağırılmayacaqlar, lakin maksimum 24 yaş həddi tətbiq ediləcək. Hazırkı qanunvericilikdə bakalavr təhsili üçün yaş məhdudiyyəti mövcud deyil. Bu dəyişiklik təhsilini vaxtında başa çatdıra bilməyən tələbələr üçün problem yarada bilər, çünki 24 yaşdan sonra təhsil davam etsə belə, möhlət hüququ qüvvədən düşəcək.
Magistratura: Magistratura təhsilini alanlar üçün möhlət hüququ 26 yaşa qədər olacaq. Hazırkı qanunvericilikdə bu pillə üçün də yaş məhdudiyyəti yoxdur. Bu, xüsusilə elmi tədqiqat və ya əlavə ixtisaslaşma ilə məşğul olan tələbələr üçün təhsil prosesində məhdudiyyətlər yarada bilər.
Bu dəyişikliklərdən başqa, möhlət hüququnun hər bir təhsil pilləsi üzrə yalnız bir dəfə veriləcəyi də nəzərdə tutulur. Bu qayda möhlət hüququndan sui-istifadə hallarının qarşısını almağa yönəlib. Məsələn, təhsilini təkrarlayan və ya fərqli təhsil müəssisələrində oxumaqla hərbi xidmətdən yayınmağa çalışan şəxslər üçün bu imkan artıq mümkün olmayacaq”.
Ekspertin fikrincə, dəyişikliklər gənclərin təhsil hüququna müəyyən təsir göstərə bilər:
“İlk növbədə, yaş məhdudiyyətləri təhsil prosesini daha planlı şəkildə aparmağa məcbur edəcək. Tələbələr təhsil müddətlərini səmərəli istifadə etmək və proqramlarını vaxtında tamamlamaq üçün daha çox çalışmalı olacaqlar. Lakin bəzi hallarda tələbələrin təhsilinə müxtəlif səbəblərdən fasilə verməsi (maliyyə çətinlikləri, sağlamlıq problemləri, xaricdə təhsil imkanları) mümkündür ki, bu da onların hərbi xidmətə cəlb olunmasına səbəb ola bilər.
Magistratura və bakalavriat səviyyələrində yaş məhdudiyyətlərinin tətbiqi tələbələrə əlavə təzyiq yarada bilər. Bəzi tələbələr üçün bu, təhsillərini yarımçıq qoyaraq hərbi xidmətə getməyə səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə ölkədə yüksək ixtisaslı kadrların yetişdirilməsi prosesinə mənfi təsir göstərə bilər.
Xarici universitetlərdə təhsil alan tələbələr də bu qaydalardan təsirlənəcək. Müxtəlif ölkələrdə təhsil sistemlərinin fərqliliyi səbəbindən onların təhsil müddəti Azərbaycanda müəyyən edilmiş yaş məhdudiyyətləri ilə uyğun gəlməyə bilər. Bu, xaricdə təhsil almaq istəyənlərin planlarına ciddi təsir edə bilər”.
Kamran Əsədov möhlət hüququnun məhdudlaşdırılmasının müsbət tərəflərindən də danışıb:
“Dəyişikliklər müəyyən dərəcədə hərbi xidmətə çağırış prosesində nizam-intizam yaradacaq. Sui-istifadə halları azalacaq və gənclərin hərbi xidmətdən yayınma imkanları məhdudlaşacaq. Bu da hərbi xidmətin ümumi keyfiyyətinə və gənclərin hərbi xidmətə hazır olmasına müsbət təsir göstərə bilər.
Bununla yanaşı, tələbələr təhsillərinə daha ciddi yanaşmağa təşviq edilə bilər. Çünki möhlət hüququnun yalnız bir dəfə verilməsi onların təhsil proqramlarını vaxtında və effektiv şəkildə tamamlamasını tələb edir.
Dəyişikliklər tələbələrin təhsil və hərbi xidmət hüquqları arasında tarazlıq yaratmağa çalışsa da, bəzi hallarda bu, əlavə çətinliklər yarada bilər.
Təhsil müəssisələri və hökumət bu dəyişikliklərin tətbiqi zamanı tələbələrə dəstək verməlidir.
Ümumilikdə, bu dəyişikliklər həm təhsil, həm də hərbi xidmət sistemində islahatlara ehtiyac olduğunu göstərir. Təhsil hüququ ilə hərbi xidmət vəzifəsinin balanslı şəkildə qorunması üçün qanunların tətbiqi zamanı tələbələrin təhsilinə mənfi təsirlərin minimuma endirilməsi vacibdir. Dəyişikliklərin effektivliyi onların icrası zamanı yaranan problemlər və bu problemlərə uyğun həllərin necə tətbiq olunmasından asılı olacaq”.