image-970_50
image-1996285

Cəbrayıl şəhərinin işğaldan azad olunması Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin qəhrəmanlıq və şücaətinin təcəssümü, yeni zəfərlərə aparan yolun açılması idi

image-728_90

Cəbrayıl şəhərinin işğaldan azad olunması Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin qəhrəmanlıq və şücaətinin təcəssümü, yeni zəfərlərə aparan yolun açılması idi

Məlum olduğu kimi, 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan ordusu və havadarları tərəfindən işğal edilmiş, bunun nəticəsində rayona 13,928 milyard ABŞ dolları dəyərində ziyan dəymişdi. Cəbrayıllılar respublikamızın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında acınacaqlı həyat sürməyə məcbur oldular. 52 min nəfər əhali didərgin düşdü, 1050 km2-i ərazi, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdıldı. Bu rayonun 362 nəfər sakini şəhid, 191 nəfəri əlil oldu, 6 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Azərbaycanın bu səfalı rayonunda sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları, dəmir filizi, neft yataqları vardı, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Cəbrayıl rayonunda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660-dan çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə ümumilikdə 508 mədəniyyət işçisi çalışırdı, Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki mövcud idi.
Erməni vandalları rayonun ərazisindəki “Divlər Sarayı” mağarasını, “Məscid Təpəsi”ni, “Canqulu” və “Qumtəpə” kurqanlarını, Mazannənə, Mərmərnənə arxeoloji məqbərələrini, “Başıkəsik Gümbəz”ni, “Qala”nı, “Qız qalası”nı, Xudafərin körpülərini, Məscid kompleksini, “Sultan Məcid hamamı”nı, “Dairəvi Türbə”ni, “Dairəvi” 8 guşəli türbə və məqbərələri, türk qəbristanlığındakı türbə və məqbərələri talan və məhv etdilər.
Nəhayət, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu əks-hücumla Cəbrayıldakı Lələtəpə yüksəkliyini işğaldan azad edərək Cocuq Mərcanlı kəndini nəzarətə götürdü. Vətən müharibəsi zamanı isə Müzəffər Ordumuz 2020-ci il sentyabrın 27-də Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini, sonrakı günlərdə digər yaşayış məntəqələrini, ümumən Cəbrayıl şəhərini və 80 kəndi 27 ildən sonra işğaldan azad etdi. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində ardıcıl zəfərlər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Xalqımızın birliyi və “Dəmir yumruq” sayəsində qazanılan bu parlaq Qələbə ölkəmizin, ümumən Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı.

İsaməddin Əhmədov-Əkinçi qəzetinin redaktoru

 

27 il davam etmiş işğal

Yurdumzun cənnət guşələrindən olan Cəbrayıl rayonu 27 il Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qaldı. Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl rayonuda fəaliyyət göstərən və yerləşən təhsil, səhiyyə, mədəniyyət və tarixi abidələzimiz Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunuqdan sonra erməni vandaliziminə məruz qalmışdır. Işğal nəticəsində Cəbrayıldan olan məcburi köçkün ailələri ölkəmizin müxtəlif rayon və şəhərlərində xüsusəndə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşmışdılar.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Lakin işğal illərində bu adidələrdə digərləri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilmişdir.
Nəhayət ki, Cəbrayıl həsrətinin 28 il olmasına cənab Prezidentimizin qətiyyəti sayəsində xalq olaraq imkan vermədik. 2020-ci ilin 4 oktyabrı – Vətən müharibəsinin 8-ci günü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz və Cəbrayıl rayonunun mərkəzi olan Cəbrayıl şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!

Xətai Novruzov – Vətən müharibəsi iştirakçısı

 

Cəbrayılın infrastrukturu

Cəbrayılrayonun ərazisi 1000 kvadratkilometrdən çoxdur. Rayonun 80 minlik əhalisi doğma yurd-yuvasından didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdır. İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilib, saxtalaşdırılıb, yaxud dağıdılıb.
Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal məruz qaldıqdan sonra 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət erməni qəsibkarları tərfindən dağıdılmağa və məhv edilməyə məruz qalmışdır.
Cəbrayıl rayonu zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş olan Tulus tuf, Çaxmaqçay, Soltanlı tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, Minbaşlı gəc, əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, Cəfərabad qum-çınqıl qarışığı, Sahverdi yəşəm və Çaxmaqqaya xalsedon yataqları da ermənilər talan edilələrək istismar olunmuşdur.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilmişdir.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

 

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

23 avqust 1993-cü ildə erməni işğalçı qüvvələri tərfindən Cəbrayıl rayonu işğal edildi. 30 ilə yaxın idi ki, Azərbaycan faciə göz yaşları tökmüşdür. Bir il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq.
Hələ beş il əvvəl, 2016-cı ilin aprel döyüşləri zamanı strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində sakinlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtdılar. Cənab Prezidentimizin tapşırığı ilə Cocuq Mərcanlıda gözəl qəsəbə salındı, infrastruktur yaradıldı. Dövlətimizin başçısı qəsəbənin açılışında demişdi ki, “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.
Belə də oldu Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Doğma yurd yerimiz Cəbrayıl da 27 il işğal altında qaldı, rayon əhalisi respublikamızın 58 rayonuna pənah apardı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz oktyabrın 4-də Cəbrayıl şəhəri azad edərək erməni işğalına son qoydu.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, ağsaqqal

 

Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir

Mənfur düşmən işğal dövründə Cəbrayıl şəhərini talan edib, başdan-başa dağıdıb. Prezident cənab İlham Əliyev Ermənistan kapitulyasiya aktını imzalayandan bir həftə sonra Cəbrayıla gəldi, şəhərdə və Xudafərin körpüsündə Azərbaycanın dövlət bayrağını qaldırdı. Ermənilərin darmadağın etdiyi Cəbrayıl şəhərindən dünya ictimaiyyətinə səslənərək bu sözləri dedi: “Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar”.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Biz qayıtdıq. Özü də ötən 30 ildə yetişən vətənpərvər gənclərlə qayıtdıq. Bir vaxtlar buludlu, çiskinli və soyuq bir payız günündə yurd yerindən ayaqyalın didərgin düşən, həmçinin məcburi köçkünlük dövründə dünyaya gələn azərbaycanlılar indi öz ata-baba yerlərinə tankların üstündə qayıtdılar.
Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.

Hüseyn Həsənov – Zərdab şəhər sakini, ağsaqqal

 

Vətən müharibəsinin ilk böyük qələbəsi – 1 il öncə Cəbrayıl azad edildi

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.
Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etmişdir. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdır. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir!

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində beynəlxalq birliyin uzun illər susduğu və məsələnin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüz etdikləri bəllidir. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) və beynəlxalq təşkilatlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirməyib. Xalqımız dünyanın ən yüksək beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin yerinə yetirilməsi üçün əməli işlər görəcəyinə ümid edirdi. Üç onillik boyunca Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edib; bunun qarşılığında işğalçının tamahı daha da böyüyüb. Bu nadürüst gedişatın qarşısını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımları, tarixi qərarları aldı. Ali Baş Komandanın 27 sentyabr 2020-ci il tarixli Əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçərək, uzun illik işğala 44 gün içində son qoyub. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşadıb, haqq-ədaləti bərpa edib. 44 gün içində baş verənlər – Ordumuzun bir gün, bir saat belə geri çəkilmədən ancaq irəli getməsi əcdadımızın hərb ənənələrinin dərindən əxz edilməsi ilə yanaşı, o ənənələrin ən yeni dövrün tələb və çağırışlarına uyğun davam və inkişafını təcalla etdirir. Bu təcalla gəncliyimizə yeni üfüqlər açır.
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir! Hələ 2016-cı ilin Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Vətən Müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.
Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu

Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezidentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu.
Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidentimiz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!
Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Komandanlığı altında ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar!

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Vətən müharibəsində ölkəmiz tarixi ədaləti bərpa etdi

XX əsrin 90-ci illərinin əvvələrində ermənistan tərəfindən ölkəmizə qarşı başladılmış işğalçılıq siyasəti torpaqlarımızın 20%-nin işğal olunması ilə nəticələnmişdir. Bu işğal nəticəsində ölkəmizə saysız hesabsız ziyan vurulmuş, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələri, təhsil ocaqları, mədəniyyət mərkəzləri, çoxsaylı sosial-iqtisadi obyektlər məhv edilmiş, neçə neçə sakinlərimiz öz ata baba yurdlarından didərgin olmuşdur. Ötən dövr ərzində bu işğalçılıq siyasətinin ağır nəticələri barədə dəfələrlə ardıcıl şəkildə beynəlxalq qrumlara edilən müraciətlər, işğala son qoyulması barədə beynəlxalq qərarlar təəssüflər olsun ki, heç bir nəticə verməmişdir. Ölkəmiz tərəfindən dəfələrlə edilmiş sülh çağırışlarına baxmayaraq düşmən tərəfindən danışıqlardan yayınmalar, dəfələrlə edilmiş təxribatlar münaqişənin hərbi yolla həll edilməsini qaçılmaz etmişdir. 2020-ci ilin sentyabr ayında növbəti belə təxribata cavab olaraq ölkəmizin haqq savaşına qalxması, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qısa müddət ərzində düşməni ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı azad etməsi erməni ordusunun yalan və mif üzərində qurulduğunu, onların necə aciz olduğunu sübüta yetirmiş oldu. 44 gün gün ərzində rəşadətli Ordumuz tərəfindən düşmən məhv edilərək ağır məğlubiyyətə uğradıldı və ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa edildi.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan əsasən ikinci Qarabağ müharibəsinə kimi BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə Ali Baş Komandan tərəfindən qərar verildi. Müharibənin başladığı ilk gündən cənab Prezidentin ətrafında sıx birləşən xalqımız birliyi və müzəffər ordumuzun şücaəti nəticəsində hər gün, hər saat Azərbaycanın tarixi torpaqları işğaldan azad olunmağa başladı. Məhz işğaldan azad olunmuş torpaqlarımız haqqında məlumatların Ali Baş Komandan tərəfindən televiziya kanallarında və sosial şəbəkələrdə verilməsi kiçikdən böyüyə hər kəsdə sevinc hissi yaşadaraq bizlərə böyük qürur hissi aşıladı. Cəbrayıl şəhərinin və onun ətraf kəndlərinin işğaldan azad olunması Ali Baş Komandanımız İlham Əliyevin“Dəmir yumruq”yumruq əməliyyatını daha da sürətləndirdi və digər rayonlarımızın işğaldan azad olunmasına böyük təkan verdi. Şükür bu günümüzə ki Qarabağ həsrəti artıq bitmişdir. Biz inanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə tarixi torpaqlarımızın sürətlə işğaldan azad olunduğu kimi onların bərpasıda təmin olunacaq və soydaşlarımız tezliklə ata-baba yurdlarına qayıdacaqlar. Biz həmişə olduğu kimi Xalqın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyik.
Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan İlham Əliyev. Qarabağ Azərbaycandır!

Azad Həsənov – Zərdab şəhər sakini, ağsaqqal

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki