Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini Elman Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, E.Əliyevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.