image-qanunla-reklam
image-img-20250105-wa0026

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV BİR DAHA ÖZ İRADƏSİNİ, QƏTİYYƏTİNİ VƏ GÜCÜNÜ GÖSTƏRDİ!-Elşən Əzizov

image-lady-day-az

2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqını dərindən sarsıtdı. Bu hadisə həm aviasiya təhlükəsizliyi, həm də bölgənin geosiyasi konteksti baxımından ciddi nəticələr doğurdu. Cənab Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə faciənin detallarını, rəsmi mövqeyi və gələcək addımları ətraflı şəkildə açıqladı. Hadisə barədə ilk məlumatı MDB Zirvə görüşünə uçarkən alan dövlətimizin başçısı dərhal Bakıya qayıtmağı qərara aldı və operativ tədbirlərin görülməsi üçün göstəriş verdi. Qəzadan dərhal sonra Dövlət Komissiyası yaradıldı, Azərbaycan mütəxəssisləri və həkimləri Aktau şəhərinə ezam olundu. Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın.

Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Cənab Prezident İlham Əliyevin 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və bu səbəbdən Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan Televiziyasına verdiyi müsahibə dünya mediasında sözün əsl mənasında rezonas yaradıb. “Röyters”, CNN, NDTV, “Ekonomik Tayms”, “Business Tudey”, ABC Nyus, “Avronyus” da daxil olmaqla, dünyanın ən nüfuzlu media qurumları cənab Prezident İlham Əliyevin açıqlamasını tirajlayıb. Dünya mediası yazır ki, məsələnin mahiyyəti aydındır: İlham Əliyev Rusiyanın faktı ört-basdır etmək cəhdlərini, “quşla toqquşma”, salonda “balon partlaması” kimi arqumentlərini “cəfəngiyyat”, “açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri”ni ağılsızlıq adlandırdı. Bildirdi ki, biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi.

Dövlət başçısı müsahibəsində “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatlarının üzə çıxacağını qeyd etmişdir. Həmçinin, Azərbaycan Prezidenti təyyarə ekipajının peşəkarlığını yüksək qiymətləndirmişdir. Təyyarənin idarə olunmaz vəziyyətdə olmasına baxmayaraq, ekipaj qəza enişi etməyə nail olub, nəticədə sərnişinlərin çoxu xilas edilmişdir. Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və Qazaxıstan xalqına göstərdikləri dəstəyə görə təşəkkür etdi. Qazaxıstan xilasedicilərinin və tibbi heyətinin sərnişinlərin xilası zamanı nümayiş etdirdikləri peşəkarlıq və həmrəylik Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Bu amillər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi və iki dövlət arasında qarşılıqlı etimadın daha da dərinləşməsi üçün bir nümunə oldu. Təhlükəsizliyin təmin edilməsi məqsədilə AZAL Rusiyanın yeddi şəhərinə uçuşları dayandırdı. Rusiya aviaşirkətlərinin də bir sıra şəhərlərdən Azərbaycana uçuşlarına qadağa qoyuldu. Dövlətimizin başçısı bu qərarların sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qəbul edildiyini vurğuladı. Dekabrın 29-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvlərinin təltif edilməsi onların cəsarətini yüksək qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu addım həm də Azərbaycan aviasiyasının peşəkarlığını və təhlükəsizlik standartlarına bağlılığını vurğulayır. Eyni zamanda, bu təltiflər cəmiyyətə milli dəyərlərin, Vətənə xidmətin və fədakarlığın əhəmiyyətini nümayiş etdirərək gələcək nəsillər üçün nümunə rolunu oynayır. Bakı-Qroznı istiqamətində baş verən faciə Azərbaycan aviasiyası tarixində mühüm hadisə olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də ciddi rezonans doğurdu. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hadisəyə obyektiv yanaşma, şəffaf istintaq və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir. Bu hadisə, eyni zamanda, Azərbaycanın təhlükəsizliyə və suverenliyə verdiyi yüksək önəmi bir daha nümayiş etdirərək dövlətin öz vətəndaşlarının hüquq və təhlükəsizliyini qorumaq üçün hər cür tədbir görəcəyini bir daha göstərdi.

 

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki