Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir.
Azərbaycanın təşəbbüskarı olduğu qlobal layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Aprelin 4-də Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak edərək geniş çıxış edib. Çox yüksək səviyyədə və uğurla ev sahibliyi etdiyimiz toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Cənab Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpa olunan enerjidən gedir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında öncüllüyünü qoruyan Azərbaycanın bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı təcrübə təqdir edilir. Enerji amili dövlətimizin iqtisadi siyasətində prioritetdir. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sahəsində də iddialı planlar quraraq bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini əhatə edən mexanizmdir. Azərbaycanın enerji sahəsindəki artan təsiri və regional gücü, həmçinin Avropanın enerji təchizatına verdiyi dəstək, həm Cənub Qaz Dəhlizi, həm də yaşıl enerji sahəsində həyata keçirilən layihələrin böyüklüyünü ortaya qoyur. Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq haqqında sənədlərin imzalanması da bunun təsdiqidir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova