image-qanunla-reklam
image-1455744

Cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe

image-lady-day-az

Cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe

Tariximiz göstərir ki, ana dilimiz tarixin müxtəlif dönəmlərində rəsmən dövlət dili kimi elan olunmuş lakin bir müddətdən sonra bu status aradan qaldırılmışdır. Müasir tariximizdə belə Sovet İttifaqı müxtəlif yollarla Azərbaycan dilinə qarşı mübarizə aparmış, müxtəlif yollarla onun xalqın, gənc nəslin yaddaşından çıxarmağa, təmizliyini, zənginliyini aradan qaldırmağa çalışmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tariximizə öz əbədi imzasını qoydu. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdə həyata keçirdiyi fəal, ardıcıl, sistemli dil siyasəti Azərbaycanda milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Şübhəsiz vurğulamaq olar ki, hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqi, özünütamlığıdır. Ana dili xalqın kimliyini, tarixini özündə yaşadan, qoruyub-saxlayan millətin özünəməxsusluğunu, mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ümummilli liderimiz Heydər Əliyevin öz müdrikliyi ilə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Ana dilimizə  hər zaman böyük qayğı və diqqət göstərən ümummilli liderimiz Heydər Əliyev 1970-ci ildə Bakı şəhərində keçirilən Bakı Dövlət Universitetinin 50 illik yubileyi zamanı mövcud qayda-qanunları, özündən əvvəlki ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək olub ruh yüksəkliyi bəxş edərək ana dili səmasında yeni üfüqlər açdı. Həmin ərəfədə ümummilli liderimiz Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək öz ana dilimizdə çıxış etdi və ziyalılar ilə, respublikanın tanınmış şair və yazıçıları ilə görüşü zamanı ana dili məsələsinə toxunaraq bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi.  Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri nəticəsində 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edildi. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizmin baş alıb getdiyi bir zamanda bu cür ciddi bir məsələni müzakirəyə qoymaq və qəbul edilməsinə nail olmaq olduqca çətin, mürəkkəb bir proses idi. Ümummilli liderimizin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi olaraq ötən əsrin 70-ci illərində respublikamızda milli ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması, elmi nəticələrin əldə olunması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri həyata keçirildi. Bu uğurlu siyasətin nəticəsi olaraq 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi respublikada Dövlət mükafatına layiq görüldü. Ümumiyyətlə hakimiyyəti illərində Azərbaycan dilinin inkişafına, qorunub saxlanmasına xüsusi qayğı göstərmiş Heydər Əliyevə öz milli kimliyini, dilini, tarixini sevən hər bir azərbaycanlı qəlbindəki ölməz sevgi ilə öz minnətdarlığını, təşəkkürünü bildirir.

Elvin Xəlilov H. Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki