COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
COP29-u yüksək səviyyədə keçirməyə nail olan dövlətimizin və təbii ki, xalqımızın böyük uğurudur.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın yüksək təşkilatçılığı nəticəsində ən uğurlu mötəbər əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşdü. Noyabrın 11-də başlayan, dünyanın 196 ölkəsindən 80 prezident, vitse-prezident və baş nazirin iştirak etdiyi, ümumilikdə 76 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi, geniş auditoriyanın bir araya gəlməsinə şərait yaradan COP29 çərçivəsində təsdiq edilmiş Fəaliyyət Gündəliyi əsasında dünyanın ən aktual iqlim problemləri, eləcə də unudulmuş prioritetləri gündəmə gətirildi. Müxtəlif panellər üzrə iqlim sahəsində dünyanı gözləyən təhlükələr, qlobal problemlər, onların qarşısının alınması yolları, yaşıl enerjiyə keçid və digər mühüm məsələlər müzakirə olundu.
COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. C.Bayden Administrasiyası və Avropa İttifaqının rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı Avropa İttifaqının və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayendir. O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhz buna görə Bakıya gəlmədi. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. COP29-da 300 mlrd.dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı.
Hazırda Azərbaycan istifadə etdiyi elektrik enerjisinin cəmi 6 faizini bərpaolunan mənbələrindən əldə edir. 2030-cu ildə ölkəmiz bu sahədə 34 faizlik göstəriciyə nail olmağı hədəfləyir. Bu, həm hazırda elektrik enerjisinin istehsalı üçün tələb olunan xammala qənaət, həm də ətraf mühitin təmizliyi baxımından ciddi göstərici olmaqla yanaşı, aylardır “neft ölkəsi iqlim dəyişmələrinə dair konfransı necə keçirə bilər” hədyanlarını qaldıran dairələrə və dövlətlərə verilmiş tutarlı cavabdır. Bu, dövlətimizin beynəlxalq öhdəliklərə verdiyi önəm və töhfə, hökumətimizin çevikliyi və novatorluğa adaptasiya bacarığı ilə paralel, xalqımızın intellektual səviyyəsi və potensialının dünyaya nümayişidir. Biz xammal ölkəsi deyil, faydalı qazıntıları istehsala, real iqtisadiyyatın qurulmasına və nəticə etibarilə insan kapitalına sərf edə bilən, savadlı cəmiyyətdə yaşayan xalqıq! Bu reallıq COP29-u yüksək səviyyədə keçirməyə nail olan dövlətimizin və təbii ki, xalqımızın böyük uğurudur.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
COP29 Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu
COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə və sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən və ardıcıl şəkildə yaşıl formata keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft və qaz ixrac edən, neft hasilatı istiqamətində əsryarımlıq tarixi, bir sıra ilklərin vətəni olan bir ölkə üçün inqilabi göstəricidir. Ölkəmiz həm yerləşdiyi məkan, həm gündən-günə yüksələn nüfuzu, həm də bütün sahələrdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyəti ilə diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyev Liderlər Sammitində çıxışında qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: “Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.
Bu gün Azərbaycanın dünya iqtisadiyyatının yeni trendi – bərpaolunan enerjidə texniki potensialı quruda 135, dənizdə 157 giqavat təşkil edir. Bu, olduqca böyük ehtiyatdır. Azərbaycan həyata keçirməyi planlaşdırdığı çevik tədbirlər vasitəsilə həmin enerjini ixraca yönəldəcək. Yaxın illərdə Avropa qitəsi Azərbaycanın neft və qazı ilə yanaşı, həm də “yaşıl enerji”sini idxal edəcək. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla ilkin addımlar da atılıb. Azərbaycandan “yaşıl enerji” Gürcüstan üzərindən və Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə ilkin olaraq Rumıniya və Macarıstana çatdırılacaq. Sonra isə təbii ki, Avropanın digər ölkələri də bu ekoloji cəhətdən təmiz və ucuz başa gələn enerji mənbəyinə qoşulacaqlar. Əlamətdar haldır ki, bu xəttə qardaş türk dövlətləri – Qazaxıstan və Özbəkistan da öz ehtiyatları ilə qoşulacaqlar və müştərək ixrac potensialımız daha da artacaq.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfransda qeyd etdiyi kimi, biz havaya atılan tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilən panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi:“COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Eyni zamanda, bütün dünya respublikamızın nailiyyətləri ilə daha yaxından tanış oldu”.
Artıq başa çatan COP29 Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu. Dünya bir daha ölkəmizin dövlət və qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin bir daha şahidi oldu.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
COP29-u yüksək səviyyədə keçirilməklə Azərbaycan diplomatiyası dünya diplomatiya tarixinə öz adını yazdırdı
Azərbaycan daha bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə mötəbər tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. İki həftə davam edən tədbirdə mühüm əhəmiyyətli irəliləyişlər əldə edildi. Bu nailiyyətlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycanın COP29 Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. Belə bir tədbirə ev sahibliyi etmək üçün 200-ə yaxın ölkədən dəstək almaq Azərbaycan üçün böyük şərəf idi. Eyni zamanda, dünyanın ölkəmizə olan inam və etibarının təsdiqi idi. Həm də beynəlxalq ictimaiyyətin Azərbaycanda görülən işlərə, o cümlədən yaşıl enerji sahəsində qazandığımız uğurlara verilən yüksək dəyərin və hörmətin nəticəsi idi. Təbii ki, Azərbaycan da bu etibarı yüksək səviyyəli təşkilatçılığı ilə təsdiqlədi.
Dünyanın aparıcı media vasitələri Azərbaycanın bu tədbirə peşəkarcasına hazırlaşdığını və keçirdiyini yazır. Hər dəfə ölkəmizdə beynəlxalq miqyaslı tədbir keçiriləndə növbəti illərdə bu tədbiri keçirəcək ölkələrin üzərinə böyük məsuliyyət düşür: “Biz “Bakı-2015” Birinci Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları keçiriləndən sonra da bunun şahidi olduq. Həmin tədbirləri növbəti il keçirəcək ölkələrin təşkilat komitələrinin rəhbərləri etiraf etmişdilər ki, Azərbaycan bu Oyunları elə yüksək səviyyədə keçirdi ki, buna bənzər tədbir keçirmək daha yüksək məsuliyyət və hazırlıq tələb edəcək. Eləcə də COP29-u yüksək səviyyədə keçirilməklə Azərbaycan diplomatiyası dünya diplomatiya tarixinə öz adını yazdırdı. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan dünya miqyasında dinamik inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur.
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiya hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Azərbaycanın iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrildiyi dünya birliyində də etiraf olunur. Ölkəmizin bu tədbirə ev sahibliyi edəcəyi barədə qərar qəbul edilən gündən anti-Azərbaycan qüvvələr müxtəlif qarayaxma kampaniyalarına əl ataraq COP29-un reallaşmasına problem yaratmaq istəyirdilər. Lakin həmişəki kimi çirkin niyyətlərini həyata keçirə bilmədilər.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə edərək anti-Azərbaycan qüvvələrə öz gücünü açıq şəkildə göstərdi
COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP sədrlikləri və tərəfləri bir araya gətirdi: “Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Həmçinin COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 tərəf təsdiqlədi.
75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadəni nəzərdə tutan bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı”.
Yaddaqalan hadisələrdən biri də karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olmaqdı. Ən əsası, dünya ictimaiyyəti Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə edərək anti-Azərbaycan qüvvələrə öz gücünü açıq şəkildə göstərdi. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi, həmçinin iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı