Daim başımızın üstündə saxladığımız üçrəngli Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır
Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni?
Bütün cəhdlərə baxmayaraq daim sonda zəfər çalan ədalətdir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bu günə qədər heç bir təzyiq, heç bir hədə-qorxu ölkəmizə təsir etməyib. Azərbaycan bundan sonra da güclənəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimiz, tarixi Zəfərimizdir.
Hazırda azad edilmiş bütün torpaqlarımız dirçəlir və soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Yenilməz, məğrur xalqımıza daim qələbə yaraşır. Dövlətimizin başçısı Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan olan Zəfər parkının açılışı mərasimində bir daha böyük əminliklə bəyan etdi ki, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Bayramlarımız sırasında xüsusi yeri olan 9 Noyabr – Dövlət Bayrağı Gününü son dörd ildə Zəfər ovqatında qeyd edirik. Milli kimliyimizin, qürurumuzun rəmzi olan üçrəngli Bayrağımız bu gün azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında oldular. Prezident İlham Əliyev burada Azərbaycanın üçrəngli Bayrağını ucaltdı, meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış oldu. Bu gün Dövlət Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik edir. Xatırladaq ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız üçrəngli Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Zəfər ruhlu Dövlət Bayrağı Günümüz mübarək!
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc