Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçiciləri ilə görüşlərini müvəffəqiyyətlə davam etdirir.
Qanunla.Az xəbər verir ki, Jalə Əliyeva bu dəfə seçki dairəsinə daxil olan Gəndəbil, Ağabağı , Nəzəralı kənd sakinləri ilə görüşüb, həmçinin kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad edibdir. Şəhidlərimizin xatirəsinin hər bir Azərbaycan vətəndaşı tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb.
Seçicilərin aktivlik nümayiş etdirdiyi görüşdə vəkillər Gülağa İsgəndərov, Zemfira Eyvazova, Könül Rəhimova tərəfindən ölkəmizdə gedən inkişaf prosesi, hərtərəfli islahatlar haqqında müzakirələr aparılıb, seçiciləri maraqlandıran məsələlər dinlənilib və onların sualları cavablandırlıb.
Seçicilərlə görüş zamanı Jalə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial layihələr, genişmiqyaslı islahatlar, görülən işlərin uğurlu nəticələri haqqında seçicilərə ətraflı məlumat verib. Jalə Əliyeva bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı həyata keçirilən islahatların, sosial layihələrin müsbət təsirini öz həyatında hiss edir.
Deputatlığa namizəd vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi inkişafı Zərdab rayonunda da özünü aydın şəkildə biruzə verir. O qeyd edib ki, Zərdab rayonunda və onun kəndlərində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələri insanların rahat həyat şəraitini təmin etməklə yanaşı, rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
Görüşlər zamanı çıxış edən seçicilər də deyilən fikirlərlə razı olduqlarını bildiriblər, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər.
Seçicilər, həmçinin deputatlığa namizəd məhz Jalə Əliyevanın onların etimadını doğruldacağına inam ifadə ediblər və sentyabrın 1-də ona səs verəcəklərini diqqətə çatdırıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Vüqar Rəhimov