“Dərslərin sentyabrın 1-i başlaması ilə bağlı artıq proqnozlar var və havanın temperaturu onu deməyə əsas verir ki, hazırda tədrisin təşkili üçün müəyyən olunan vaxt yay aylarına uyğun deyil…” Bu sözləri Qanunla.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, tədris ilinin sentyabr ayının 1-də başlayıb, may ayının 31-də bitməsinin tərəfdarı olduğunu bildirib:
“Artıq may ayının 22-dən etibarən havanın temperaturunun kəskin artması və orta temperaturun 35 dərəcənin üzərində, Mərkəzi Aran rayonlarında isə 38 dərəcənin üzərində olması tədrisin təşkilinə mane olur. Hətta bu gün Bakı şəhər Qaradağ rayon məktəblərindən bir neçə müraciət daxil olub ki, uşaqlar arasında ürəkgetmələr müşahidə olunub, eyni zamanda, şagirdlər səhhətlərindəki problemlə əlaqədar məktəbə getməkdən imtina ediblər.
Yaxın 5 ilin temperaturuna nəzər saldıqda bizim atmalı olduğumuz iki zəruri addım var: birincisi, dərslərin sentyabrın 1-də başlayıb, mayın 31-i başa çatmağıdır, ikincisi, yay-qış vaxtına keçidin geri qaytarılmasıdır. 4-5 ildir ki, biz yay-qış vaxtına keçidi aradan qaldırmışıq, hesab edirəm ki, yerləşdiyimiz coğrafi mövqe yay-qış vaxtına keçidimizi zəruri edir. Mütləq şəkildə Nazirlər Kabineti yay-qış vaxtının tətbiqi ilə bağlı qaydalarda dəyişiklik etməlidir, çünki səhər saat 07:00-da havanın temperaturu kifayət qədər yüksəkdir, hava da işıqlıdır.
Fikrimcə, dərslər sentyabrın 1-i başlamalı və ölkə olaraq yay-qış vaxtına keçid etməliyik. Çünki sentyabrın 1-15 arasındakı temperaturla iyunun 1-14 aralığındakı temperatur eyni deyil. Bu vacib məqamdır, inanıram ki, Elm və Təhsil Nazirliyi bu düzgün qərarı qəbul etmək üçün Nazirlər Kabinetinə müraciət edəcək və ölkədə tədris ili sentyabrın 1-i başlayacaq”.
K.Əsədov qeyd edib ki, əgər yay-qış rejiminə keçib etməsək, dərslərin səhər saat 07:00-da başlaması müsbət dəyişikliklər yaradacaq:
“Dərslərin saat 7-də başlamasını təklif edirəm. Bu, Bakı şəhərindəki tıxac problemini də aradan qaldıracaq. Əgər biz qış-yay vaxtına keçə bilmiriksə, elə etməliyik ki, hava isinənə qədər uşaqlar artıq dərs prosesindən uzaqlaşsınlar. Bu gün günorta 13:00-15:00 aralığında Bakı şəhərində temperaturun nə qədər yüksək olduğunu müşahidə edə bilərsiniz. Hələ mayın 24-dür, iyunun 5-6-sı bu temperatur daha da qalxacaq. Ona görə dərslər nə qədər erkən saatda başlasa, o qədər yaxşı olar. Təəssüf ki, hazırda çox ciddi iqlim dəyişkənliyi var. Başa düşürəm, insanların yuxudan oyanma məsələsi problemdir, amma qış-yay rejiminə keçsək, onsuz da 7-də qalxmış olacağıq.
Bu problemi çözmək lazımdır. Paytaxt Bakıda tıxacın birinci səbəbi məktəblərdir, dərslər tez başlasa, bu, tıxacın saatını da paylayacaq və müsbət dəyişiklik yaradacaq”.