“Onların əslində narazıçılığı ev söhbəti yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qızının əlillik pensiyasının dayandırılmasıdır”
Bunu Moderator.az-a açıqlamasında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov onu ittiham edən vətəndaşın şikayətinə münasibət bildirərkən deyib. V.Həsənov müharibə zamanı evinə dəyən zərərə görə T.Bayramovaya kompensasiya verildiyini bildirib:
“Burda elə bir şey olmayıb. Heç İcra Hakimiyyətinə də gəlməyiblər. Ümumiyyətlə, onlar ora-bura yazı yazan adamlardı. Onların əslində narazıçılığı ev söhbəti yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qızının əlillik pensiyasının dayandırılmasıdır. Nəyə görə dayandırılmasını isə nazirlik bilir”.
V.Həsənov deyib ki, T.Bayramovanın evinə müharibə zamanı dəymiş ziyana görə akt tərtib olunub:
“Müharibə zamanı T.Bayramovanın evinə ziyan dəyib, bununla bağlı akt tərtib olunub və 1000 manat da pul verilib. Evi təmirə düşüb və mərhələli şəkildə onun da evi təmir olunacaq. Evlərin təmirini isə Arxitektura Komitəsi edir. Hazırda mərhələli şəkildə evlər təmir olunur və hələ ki, T.Bayramovanın yaşadığı qəsəbəyə gəlib çıxmayıblar. Qaldı ki, T.Bayramova nə hədələnməyib, nə də pulu mənimsənilməyib. Çünki həmin pul vətəndaşın öz kartına köçürülür. Ona kənardan kimisə müdaxilə etməsi mümkün deyil”.
Xatırladaq ki, Vətən müharibəsi zamanı evi yararsız vəziyyətə düşən Ağdam rayon sakini Tünzalə Ağayevə icra başçısı Vaqif Həsənovu ittiham edərək, ona ayrılan pulun mənimsənildiyini bildirmişdi.