Aİ-92 markalı benzinin qiymətinin 10 qəpik qaldırılmasını başa düşmək olar, bir şərtlə ki, həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro-5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etməyə və ehtiyat hissələrinin daha uzunömürlü olmasına şərait yaradacaq. Amma keyfiyyət dəyişikliyi olmasa, onda heç nə.
Qanunla.Az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov Aİ-92 yanacağının bugündən 10 qəpik artması, Aİ-95-in isə 15 iyuldan 40 qəpik ucuzlaşacağı ilə bağlı qərarları şərh edərkən deyib.
O bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin ucuzlaşmasını ekologiyanın və ili nisbətən yeni avtomobillərin dəstəklənməsi baxımından yüksək qiymətləndirir:
“Dizelin qiymətinin 25 faiz yüksəlməsi isə dizel mühərikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq, ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək. Buna görə də hökumət fermerlətin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır”.
O qeyd edib ki, dizelin qiymətinin 25 faiz artması fermerlər üçün ciddi əlavə xərclər yaradacaq:
“Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəriclırinə öz mənfi təsirini göstərəcək. Buna görə də ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.
Qeyd edək ki, SOCAR Bakı neft email zavodunda görülmüş yeni işlər nəticəsində istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinlərinin artıq Avro-5 standartlarına çatdırıldığını açıqlayıb.