Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dolların Avropa pulu daxil olmaqla, əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı qeydə alınıb.
Qanunla.Az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatındakı pozitiv xəbərlər və proqnozlarla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak malları indeksi göstəriciləri ilə əlaqələndirilir:
“Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib. Dolların möhkəmlənməsi bir sıra strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb. Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barrel “Brent” markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barrel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayış risklərini nəzərə aldıqda uzunmüddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”, – o bildirib.