image-qanunla-reklam
image-b6e63930b4f2d28f8d1ad02d596594cb-1

Dörd gün öncə Kəlbəcərə atılan güllələrin izi ilə: Azərbaycan ilk təması ABŞ-la etdi – TƏHLİL

image-lady-day-az

 

Ermənistan Soçi bəyanatından və Brüssel danışıqlarından sonra növbəti dəfə cığallıq edərək atəşkəsi pozdu, geostrateji mövqedə yerləşən Kəlbəcərdəki Azərbaycan mövqeləri atəşə tutuldu.

İlk baxışda bunu atəşkəs rejimində sıradan açılmış, yeyib-içib cuşa gələn və öz aləmində şirə dönmək istəyən erməni hərbçisinin havaya atəş açması kimi dəyərləndirə bilərdik. Çünki bu cür hallar postlarda çox olur, həm də özündə heç bir siyasi elementlər daşımadan.

Ermənistanın 2022-ci ildə dövlət sərhədində ilk təxribatı yanvarın 8-nə təsadüf etdi, ən azından iki məqamı göz önünə gətirsək, mövqelərimizə atılan mərmilərin izlərinin bizi siyasi motivlərə aparıb çıxardığını görəcəyik.

1. Yanvarın 8-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan mövqelərini atəşə tutdu. Bu, Qazaxıstan hadisələri fonunda diqqət çəkdi.

Ona görə ki, Ermənistan hələ müharibədən öncə dəfələrlə Rusiyanın iradəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirdi, amma bütün bu cəhdlər boşa çıxdı.

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da KTMT-nin Qazaxıstan hadisələrinə həsr olunmuş növbədənkənar iclasında həmin hərbi təşkilatın Qazaxıstandakı fəaliyyətinin çərçivəsini genişləndirərək Qarabağ zonasına gəlişini arzulayan bəyanat səsləndirdi.

SİTAT: “Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. KTMT üzv dövlətləri yeni təhlükələrlə üz-üzə qala bilər”.

Paşinyan tərəfindən arqumentə əsaslanmayan, həyasızlıq saçan tezislər bizi təəccübləndirmir, bu cür hallar ilk deyil! Qısası, Paşinyan çalışdı ki, Azərbaycanı KTMT-nin hədəf taxtasına gətirsin, ancaq bu dəfə də arzusu qursağında qaldı.

Qeyd etdiyimiz xronoloji ardıcıllıq və Paşinyanın utanmadan təkrarladığı tezis Kəlbəcərdəki hadisənin məqsədli şəkildə baş verdiyinin və özündə siyasi maraqlar ehtiva etdiyinin sübutudur.

2. Yanvarın 8-də Ermənistan Azərbaycan mövqelərini AQS və digər iriçaplı silahlardan atəşə tutub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfinə daha çox itki vermək üçün iriçaplı silahların tətiyi çəkilib. 2021-ci ilin dekabrın sonunda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev Kəlbəcərə yollanmışdı, görünür ki, ermənilər bu səfəri onlar üçün yeni ərazi itkisi kimi dəyərləndirib, amma bunu deməyə və hər hansı addım atmağa cəsarət tapmadıqları üçün Qazaxıstan hadisələrini fürsət biliblər.

Ermənistanın başqa dövlətin iradəsinə arxayın olmadan təxribatın miqyasını genişləndirməsi mümkün deyil. Ən azından ona görə ki, bunun üçün Ermənistanda resurs yox dərəcəsindədir.

KTMT-nin Qazaxıstana qüvvə yeritməsindən cuşa gələn Nikol Paşinyan Rusiyadan yardım diləyən addıma getdi, yanvarın 11-də Kəlbəcər istiqamətində atışmalar daha da şiddətləndi.

İnsident nəticəsində Azərbaycan ordusunun bir hərbçisi şəhid oldu, Ermənistana isə artıqlaması ilə cavab verildi.

– Ermənistan tərəfinin rəsmi açıqlamasına əsasən, 3 erməni hərbçi məhv edilib, 5-i yaralanıb. Ermənistanın itkiləri gizlətmək təcrübəsi olduğuna görə, bu itkilərin çox olduğunu söyləmək olar.

– Azərbaycanın hərbi mənbələri bildirir ki, Ermənistanın 8 hərbçisi məhv edilib və iki postu darmadağın edilib.

Eyforiyaya qapılan Paşinyan indi öz həyasızlığını ört-basdır edən tezislər üzərində fikirləşir.

Məsələnin siyasi rənginə dair Azərbaycanın təmaslarında diqqət çəkən məqam yanvarın 11-dəki hadisədən dərhal sonra danışığı ABŞ tərəfi ilə aparmasıdır.

Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Azərbaycan-ABŞ siyasi trafikindəki “zəng diplomatiyası” bunun göstəricisidir ki, Bakı Paşinyanın KTMT-ni yeni coğrafiyaya gətirmək cəhdləri barədə Vaşinqtonu xəbərdar edib (Ceyhun Bayramovun Kəlbəcər istiqamətindəki hadisələr barədə xanım Donfridə məlumat verməsi bu fikri gücləndirir).

Deməli, Azərbaycan tərəfi şübhələnə bilər ki, Rusiya özü də bu hadisələri öz xeyrinə çevirməyə çalışır və KTMT gücünü yeni zonada göstərmək istəyir.

Ermənistanın bundan sonra da təxribatlara yol verəcəyi istisna oluna bilməz, amma bunun İrəvan üçün nəticələri daha ağır olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki