image-qanunla-reklam
image-1726752913_uj

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət

image-lady-day-az

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət

Müstəqilliyini getdikcə möhkəmləndirən, dünya çapında layiqli yerini tutan Azərbaycan üçün belə əvəzolunmaz sima misilsiz fəaliyyəti ilə xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyevdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji mühitdə rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə – istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm milli dillərin inkişaf etdirilməsinə deyil, onların daha da sıxışdırılmasına xidmət etməliydi. Yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində özünün məhz milli mənafelərimizə xidmət edən mövqeyini qətiyyətlə bildirmiş və müdafiə etmişdi. Ümummilli Liderin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə bir redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli Lider Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.”
Əlbəttə ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirilə bilər. Bununla Ulu Öndər gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki