Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində təxmini çəkisi 70 kiloqram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, iyun ayının 20-də saat 02:00 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram heroin, 2000 qram metamfetamin və 6400 qram marixuana) aşkar olunaraq götürülüb.
İyun ayının 22-də İmişli rayonunun “Bəhrəmtəpə” sərhəd zastavasının ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulacağı barədə məlumat daxil olub.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəhrəmtəpə-Bakı avtomagistral yolu istiqamətində MAZ markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən iki nəfər şübhəli şəxs saxlanılıb.
Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyənləşdirilən şəxslərin üzərindəki iki ədəd bağlamanın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram heroin, 5863 qram marixuana, 3300 qram metamfetamin), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləri aşkar olunaraq götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.