image-qanunla-reklam
image-1592852939

Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsi

image-lady-day-az

Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsi.

Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət xətti sadəcə Azərbaycan vətəndaşlarının deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın rifah yüksəlişini, təhlükəsizlik və azadlıqlarının təminatını özündə ehtiva edir. Bu məqsədlərə nail olmağın ən zəruri şərtlərindən biri isə əlbəttə ki, dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyinə və təşkilatlanmalarına nail olmaqdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu məsələləri daim xüsusi diqqət mərkəzində saxlayırdı. Məhz həmrəylik gününü təsis etməklə Ümummilli Lider xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Həmrəylik gününün qeyd edilməsi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır: “İlk dəfə 1991-ci il dekabrın 16-da, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və artıq 30 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq olduğu ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Məhz bu fikirlər mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında durur.”

 

Fərəcov Nazim Muğdət oğlu

Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki