Siyasi şərhçi: “ABŞ dərin dövləti ilk növbədə ona təzyiq göstərib xarici siyasətini dəyişdirməyə vadar edə bilər”
Sabah – noyabrın 24-də Rusiyanın Ukraynaya hərbi hücuma başlamasının 33 ayı tamam olacaq. 3 ilin tamamına 3 ay qalmış sülh masasının qurulub-qurulmayacağı isə hələ də sual altındadır. Əksinə, ABŞ-ın Kiyevə ATACMS uzaqmənzilli raketləri verməsindən sonra vəziyyət bir az da qəlişləşmiş kimi görünür.
Nəzərə alsaq ki, uzağı iki aya D.Tramp da öz vəzifəsinin icrasına başlayacaq, gələn il fevralın 24-dək danışıqlar mümkündürmü? Nüvə toqquşması ehtimalı qalan 3 ayda necə görünür?
Az öncə “Reuters” agentliyi məlumat yaymışdı ki, Rusiya lideri Vladimir Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada sülh müzakirələrinə açıqdır. Lakin o, ciddi ərazi güzəştlərini istisna edir və Kiyevin neytral statusunun təmin olunmasında israrlıdır.
Agentliyin məlumatına görə, Kreml hazırkı cəbhə xətti üzrə müharibəni dayandırmağa hazırdır. Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin bölüşdürülməsi məsələsi müzakirə mövzusu ola bilər. Bundan əlavə, Kreml Xarkov və Nikolayev bölgələrindəki bəzi ərazilərdən qoşunların qismən çıxarılmasına razılıq verə bilər. Bununla belə, Rusiya tərəfi Ukraynanın NATO-ya üzv olmamasını, hərbi qüvvələrinin sayının məhdudlaşdırılmasını və rus dilinin istifadə hüquqlarının qorunmasını tələb edir. Mənbələrin sözlərinə görə, Putin atəşkəsi Rusiya üçün “qələbə” kimi görür.
Həqiqətənmi atəşkəs Rusiya üçün qələbə anlamına gələcək?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münaqişənin dondurulması variantlarını Rusiya üçün qəbuledilməz sayıb və deyib ki, “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə çatması vacibdir. “Bu, hər kəsə yaxşı məlum olan məqsədlərimizə çatmaq baxımından vacibdir”, – Peskov əlavə edib.
Bu arada Ukraynada Rusiya ilə sülh danışıqlarının başlanmasının tərəfdarlarının sayı kəskin artıb. Belə ki, Gallup sorğu şirkətinin sorğusu göstərib ki, oktyabrda ukraynalıların 52%-i müharibənin danışıqlar yolu ilə mümkün qədər tez bitməsinin tərəfdarıdır. Maraqlıdır ki, sorğular Rusiyada da əhalinin müharibədən yorulduğunu üzə çıxarıb…
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, atəşkəsin mütləq mənada Rusiyanın qələbəsi ola biləcəyi fikriylə razılaşmaq mümkün deyil: “Söhbət, əlbəttə, hansı şərtlərlə atəşkəsdən gedir. Təbii ki, atəşkəs Rusiyanın dediyi şərtlərlə əldə olunacaqsa, bu, Rusiyanın qələbəsi ilə nəticələnə bilər. Zira Putinin irəli sürdüyü atəşkəs əslində kapitulyasiya aktıdır və Ukrayna yetkililərinin bu şərtlərlə razılaşması mümkün deyil. Çünki Putinin tələblərində Ukraynanın suverenlik haqlarının tamamilə məhdudlaşdırılması, ərazi bütövlüyünün şübhə altına alınması, rus dilinin yenidən hegemoniyası və s. kimi müddəalar nəzərdə tutulur. Siyasi iradəsi özündə olan heç bir hakimiyyət bu iddialarla razılaşmaz. Bununla belə, Ukrayna və Rusiya arasında elə bir atəşkəs əldə etmək olar ki, nəticə etibarilə rəsmi Kiyevə gələcəkdə öz itirdiklərini geri qaytarmaq şansı verə bilər. Necə ki, Azərbaycanla Ermənistan arasında bağlanan atəşkəs müqavilələri 30 ildən sonra bizə öz ərazi bütövlüyümüzü bərpa etmək imkanı qazandırdı”.
Heydər Oğuz onunla da razılaşır ki, istənilən atəş və ya sülh müqaviləsi hər iki tərəfin dividentləri əsasında bağlanmalıdır: “O halda sual verə bilərsiniz ki, Ukrayna ilə Rusiya arasında mən dediyim tərzdə atəşkəs əldə olunmasının Moskvaya nə xeyri olacaq? Moskva burada özü üçün heç bir fayda görməyəcəksə, Ukrayna ilə niyə atəşkəs anlaşması bağlamalıdır? Fikrimcə, Ukrayna savaşının indiki vəziyyəti və bu vəziyyətin davam etməsi heç bir tərəfin xeyrinə deyil. Getdikcə, Ukrayna savaşı NATO ölkələrinin də cəlb olunduğu beynəlxalq qarşıdurmaya, daha dəqiq desək, 3-cü Dünya Müharibəsinə çevrilir. Vəziyyətin bu həddə gəlib çatması Rusiyanın da maraqlarına uyğun deyil. Moskva başa düşməlidir ki, Ukrayna kimi böyük strateji əhəmiyyətə malik ölkənin işğal olunmasına xüsusilə Avropa dövlətləri seyrçi qala bilməyəcəklər. Əvvəla, ona görə ki, Ukraynanın işğalı beynəlxalq siyasət sahəsində yeni nümunələr yaradacaq və nəticə etibarilə bu, bütün Avropa ölkələrini təhdid edəcək. Putinin özü də gizlətmir ki, onun əsas tələbi yalnız Ukrayna ilə bitmir. Rus lideri II Dünya Müharibəsindən sonra bölüşdürülmüş ərazilər prinsipinin yenidən tətbiq edilməsini və Baltikyanı ölkələrdən tutmuş Balkanlara, hətta Berlinə qədər Şərqi Avropanın onun hümayəsi altına keçməsini arzulayır. Ukraynada əldə olunan ilkin qələbələr Putini yeni ərazilərə iştahasını artıra və müharibənin yeni dalğası Avropanın yeni dövlətlərinə yayıla bilər. Nəzərə alsaq ki, Rusiya Qərb dövlətləri tərəfindən ağır sanksiyalara məruz qalıb, Moskvanın digər bir tələbi həmin embarqoların ortadan qaldırılması olacaq. Bu isə Avropanın yenidən rus enerjisindən asılı vəziyyətə düşməsidir. Rusiyanın bu iddiaları ilə nəinki Avropa, hətta Putinin çox güvəndiyi Tramp Amerikası da razılaşmaz. Ən əsası, Rusiyanın Ukraynada qazanacağı uğurlar NATO-nun məğlubiyyəti kimi başa düşüləcək və Qərb dövlətlərinin bu zamanadək sığındıqları təhlükəsizlik çətirinin çökməsi anlamına gələcək. Zənnimcə, Avropa dövlətləri və ABŞ bu perspektivi qəbul edə bilməzlər”.
Heydər Oğuzun fikrincə, “bütün savaşlara son” şüarı ilə hakimiyyətə gələn Tramp hakimiyyəti də bu ağır şərtlərlə razılaşmaz: “Çünki Putinin irəli sürdüyü şərtlər ABŞ-ın da uğursuzluğu anlamına gəlir. Vaşinqton bu şərtləri qəbul edərsə, faktiki olaraq SSRİ-nin çöküşü ilə qazandığı dünya hegemoniyasını yenidən Rusiya ilə bölüşdürməlidir. Hətta Tramp hakimiyyəti buna getsə belə, ABŞ dərin dövləti ilk növbədə ona təzyiq göstərib xarici siyasətini dəyişdirməyə vadar edə bilər”.
Donald Trampın xarici siyasətini düzgün anlamayanların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin bu cür xam xəyallar qurduğunu düşünən həmsöhbətimizin fikrincə, ABŞ-ın yeni hakimiyyətinin atdığı bəzi addımlar bu cür yanlış mülahizələrin ortaya çıxmasına yol açıb: “Halbuki Trampın məqsədi Ukraynanı və digər post-sovet məkanlarını Rusiyaya hədiyyə etmək deyil. Tramp Ukraynaya yardım etməyəcəyini dəfələrlə vurğulamaqla əslində Avropa ölkələrini rus xofu altında saxlamaq və bu qorxudan faydalanaraq, onları silahlanma işinə cəlb etməyə çalışır. Faktiki olaraq Ukraynanı Avropanın qucağına atmaqla, özü Sakit-Hind okeanı və Yaxın Şərqlə maraqlanmaq istəyir. Sözsüz ki, bu regionlarda da özünə yeni müttəfiqlər tapacaq və onları da ortaq düşmənlərə qarşı müharibəyə çəkəcək. Beləcə, 3-cü Dünya savaşı qaçılmaz olacaq”.
Siyasi şərhçinin fikrincə, Rusiya da əslində bunun fərqindədir və səhv hesablamalar nəticəsində girdiyi müharibədən müxtəlif yollarla çıxmağa çalışır: “Odur ki, gah sülhə ”can atır”, gah da “əgər mən istədiyim olmasa nüvə savaşına əl ataram” deyərək Qərbi təhdid edir. Ortaya atdığı sülh formulları isə reallıqdan uzaqlığı ilə seçilir. Zənnimcə, Rusiyanın sərgilədiyi bu təzadlı mövqeyin səbəbi bu zamanadək rus ictimaiyyətinə “satdığı” ultramillətçi şüarçılıqdan irəli gəlir. Hərbi cəhətdən özünü yeniləyə bilməyən Rusiya millətçi ritorika ilə öz regional hegemonluğunu davam etdirmək istəyir. Ukrayna savaşına qədər bu ritorika işə yarayırdı. Ukrayna savaşından sonra isə dəfələrlə qırmızı cizgiləri sınağa çəkilən Rusiyanın əslində “kağızdan aslan” olduğu ortaya çıxdı. Di gəl ki, Putin bunu belə etiraf edə bilmir. Çünki etiraf edərsə, rus xalqının ayaqları altında qalacağından çəkinir”.