Dünya iqtisadiyyatında iqtisadi liderlərdən biri olan Çin Azərbaycanın ilk 5-likdə dayanan əsas ticarət partnyorlarından biridir
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” son illərdə ən yaxın müttəfiqlik blokunda yer alan Azərbaycan-Çin münasibətlərinin iqtisadi vizyonunu da tamamilə yeni çağırışlara əsaslandıracaq. Bəyannamədə iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların daha da səfərbər edilməsi, əlavə güc mənbələrinin hərəkətə gətirilməsi sayəsində ticari balansın yüksəldilməsi, beynəlxalq iqtisadi münasibətlər sistemində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsi, iki ölkənin ümumi iqtisadi mənafe və maraqlarının təşviqi kimi fundamental prinsiplər öz əksini tapıb.
Birgə Bəyannamənin əsas bəndlərindən biri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını daha yüksək səviyyəyə qaldırmaq, bu məqsədlə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının əlaqələndirici rolunu artırmaqdır. Dünya iqtisadiyyatında iqtisadi liderlərdən biri olan Çin Azərbaycanın ilk 5-likdə dayanan əsas ticarət partnyorlarından biridir və hazırda ticarət həcmlərinin mübadiləsinə görə, 4-cü yerdə qərarlaşır. Azərbaycanın idxal balansında isə 3-cü yeri tutur. Xüsusilə də iqtisadi əlaqələrin dinamikası 2010-cu ildən sonra davamlı olaraq hər il yüksələn trayektoriya ilə müşayiət olunub. 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları idisə, cəmi 2 il sonra (2017-ci ildə) 1 milyard dolları ötdü. 2019-cu ildə isə əmtəə dövriyyəsi 2 milyard dolları keçməklə iqtisadi hərarəti daha da artırdı. 2023-cü ildə isə ölkələr arasında ticari dövriyyə 3,1 milyard dollar təşkil etməklə rekord həddə çatıb. Ümumilikdə, iki ölkə arasında son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib.
Bəyannamədə qeyd edildiyi kimi tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirir. Bu məqsədlə ticari təşviqlərin daha da optimallaşması əsas meyarlardan biri olacaq, idxal və ixrac mallarının sərgisi, ticarət yarmarkalarının təşkili əmtəə mübadiləsinin təşviqində fəal alətlərdən biri olacaq. Hazırda ticarət siyasətinin ən uğurlu moderllərindən biri kimi Azərbaycana məxsus “Ticarət evləri”nin Çin şəhərlərində yaradılması ənənəyə çevrilib. İndiyə qədər Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət evləri”, açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab evinin fəaliyyəti təmin edilib. Bu model Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın və istehsalın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafında ən stimulverici rol oynayır. Çin və Azərbaycan arasında iqtisadi əlaqələrin ən məhsuldar platformasına çevrilmiş “Ticarət evləri” vahid ixrac ideyasına – “Made in Azerbaijan” brendinin dünya bazarlarında daha geniş formatda tanıdılmasını təmin etməyə xidmət edir. Öz növbəsində, Çinin aparıcı şirkətləri beynəlxalq sərgilərdə, xüsusilə də Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirak edərək ticari motivasiyalara əlavə impulslar verir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru