image-970_50
image-bas-prokurorluq-yeni-1

Əfqan Sadıqovun xanımının ittihamları… – Rəsmi açıqlama

image-728_90

Baş Prokurlruq həbsdə olan Əfqan Sadıqovun həyat yoldaşının səsləndirdiyi ittihamlara münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Qanunla.Az-a daxil olan məlumata görə, ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində milli mətbuatımızın inkişafı, azad söz və media mühitinin formalaşdırılması, kütləvi informasiya vasitələrinin azadlığının, eləcə də müstəqil jurnalistikanın keyfiyyət göstəricilərinin artırılması istiqamətində mühüm irəliləyişlərə müvəffəq olunub.

Bununla yanaşı, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən kütləvi informasiya vasitələrinin azadlığı və jurnalist hüquqlarından sui-istifadə edilərək ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatların mütəmadi olaraq mətbuat orqanlarında yayımlanması hədəsi ilə vətəndaşlardan pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması kimi hallara da rast gəlinməkdədir.

Qeyd olunan qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Görülən kompleks tədbirlər çərçivəsində “xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov və “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslər ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən cinayət başında yaxalanmış və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.

Əfqan Sadıqov və Sakit Muradovun Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və həmin Məhkəmənin 3 noyabr 2020-ci il tarixli hökmü ilə Əfqan Sadıqov 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.

Habelə həmin hökmlə Sakit Muradov qeyd edilən maddələrlə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, ibtidai istintaq və məhkəmə baxışı zamanı nümayiş etdirdiyi səmimi etiraf, peşmançılıq və digər bu kimi yüngülləşdirici hallar nəzərə alınaraq ona təyin edilmiş cəza cinayət qanunvericiliyinə müvafiq olaraq 3 il sınaq müddəti ilə şərti hesab edilib.

Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Əfqan Sadıqovun təqsirləndirildiyi cinayət işi üzrə sonuncunun həyat yoldaşı Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ictimai çaşqınlığa səbəb olan kütləvi informasiya vasitələrini bu sahədə milli qanunvericiliyin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş qərəzli, mənbəyi məlum olmayan, konkret hadisələrin mahiyyətini təhrif edən informasiyaların yayımlanmasına yol verməməyə çağırır.

Eyni zamanda, Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki