Bu barədə Elnur Allahverdiyev Qanunla.Az-a açıqlamasında bildirib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş “32 illik şərəf və qürur tarixi” adlı tədbirdə iştirak etdim. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, YAP Yasamal rayon təşkilatının və Yasamal RİH-in əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu haqqında bəhs edildi.
Həmin tədbirdə YAP Yasamal rayon təşkilatının yaradılmasının 32 illiyi münasibətilə və partiyadakı ictimai-siyasi fəaliyyətimə görə fəxri fərmanla təltif edilməyim mənim üçün böyük şərəf oldu. Bu yüksək qiymətə görə təşəkkür edirəm.
Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılan və bu gün möhtərəm cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi cəmiyyətin bütün sahələrində islahatların aparılmasında və dövlətin strateji hədəflərinə çatmasında mühüm rol oynayır.
Qürur hissi ilə xatırlatmaq istəyirəm ki, mənə 2020-2024-cü illərdə VI çağırış Milli Məclisdə YAP-ı təmsil etmək kimi böyük bir şərəf nəsib olmuşdur. Millət vəkili kimi fəaliyyət göstərdiyim dövrdə müntəzəm olaraq seçicilərimlə görüşmüş və müvafiq qurumlarla əməkdaşlıq edərək onların problemlərinin həlli yollarını tapmağa səy göstərmişəm. Mən həmişə dövlətimizin başçısı, partiyamızın lideri tərəfindən aparılan mütərəqqi siyasətin həyata keçirilməsinə öz töhfəmi verməyə çalışmışam. Bundan sonra da harada olduğumdan asılı olmayaraq eyni qaydada davam edəcəyəm.