image-qanunla-reklam
image-6750aad5b9702967972c404e6aaa597a

Elnur Allahverdiyev: “Xalqımız Jirinovski kimilərinə vaxt və diqqət ayıran deyil”

image-lady-day-az

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanın ünvanına növbəti dəfə xoşagəlməz fikirlər söyləyib. “Komsomolskaya Pravda” radiosuna müsahibəsində Cənubi Qafqazın, o cümlədən Azərbaycanın tarixən Moskvanın siyasi təsir və maraq dairəsində olduğunu, əvvəl-axır Rusyaya tabe olacaqlarını bildirib. Onun bu təzadlı bəyanatına münasibət öyrənmək üçün Milli Məclisin deputatı Elnur Allahverdiyevə müraciət etdik.

“Düzünü deyim, Azərbaycanda Jirinovskini, onun sərsəm fikirlərini, siyasi görüşlərini ciddiyə alan kimsənin olduğuna inanmıram. Bu adam heç öz ölkəsində adekvat siyasətçi kimi qəbul olunmur. Hansı qeyri-ciddi tok-şoulara baxsanız, oradadır və avtomatlaşdırılmış oyuncaq kimi gülünc fikirlərini söyləyir” – deyən E.Allahverdiyev hesab edir ki, Jirinovskinin özü də, partiyasının proqramı da ötən əsrin 90-cı illərində qalıb. O vaxtdan isə Cənubi Qafqazda çox şey dəyişib.

E.Allahverdiyevə görə, Jirinovski zaman-zaman xalqımızın ünvanına xoşagəlməyən ifadələr işlədir. Əvvəllər belə bəyanatları daha çox olurdu və erməniləri müdafiə, bizi isə təhdid xarakterli idi: “Ermənistanda anti-Rusiya yelləri əsməyə başlayan kimi, rus ordusunun bu ölkədən çıxarılması, Qərblə sıx inteqrasiya tələbləri səslənəndən sonra Jirinovski və onun kimilər də ritorikalarına əl gəzdirməli oldular”.

Millət vəkili hesab edir ki, hazırda Jirinovskini müsahibəyə dəvət edən KİV-lərin məqsədi ucuz sensasiyadır.

 

image-89282c429eb7-1

“Elə dövr olub ki, onun dedikləri bir növ Kremlin, rəsmi Moskvanın istəkləri kimi şərh edilib. Yəni guya rəsmi dairələr açıq deyə bilmirlər, Jirinovskiyə dedirdirlər. Mənim qənaətimə görə, o vaxtlar keçib, bunu ən azı Moskvanın xarici siyasətindən izləmək olar. 44 günlük Vətən müharibəsində Rusiya münaqişə tərəfləri ilə bərabər məsafə saxlayan siyasət sərgilədi. Hazırda Ermənistanla delimitasiya və demarkasiya prosesinin yekunlaşmasına ən çox dəstək göstərən məhz Rusiyadır” – deyən deputat əmindir ki, Jirinovskinin arzuları ilə Rusiyanın real hədəfləri arasında yerlə-göy qədər fərq var. Vaxtilə Hind okeanında “sapoq”unu yumağı arzulayan Jirinovski istinad etdiyi tarixi dövrdə ilişib qalıb.

Rusiya liberal-demokratlarının liderinin 2014-cü ildə Bakıya etdiyi səfərə toxunan E.Allahverdiyev, Jirinovskinin Azərbaycanda olarkən belə fikirlərdən qaçdığını xatırlayır:

“Bakıya gələndən sonra Jirinovskinin Azərbaycanla bağlı fikirlərində ciddi dəyişikliklər olduğu şübhəsizdir. Bakıda rus icmasını, məktəbləri, rus vətəndaşlarımızı, pravoslav kilsəsini görəndən sonra reallığın onun dedikləri ilə fərqini anlamamış deyildi. Ancaq indi Jirinovskidir, kimdir onun sözünü ciddiyə alan. Bizim xalq Jirinovski kimilərinə ümumiyyətlə, vaxt və diqqət ayıran deyil”.

Millət vəkili hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərini hər iki ölkənin prezidentləri müəyyən edirlər. Onların bunu necə bacardıqlarını isə biz bugün izləyirik.

“Cənab Prezident İlham Əliyev bir müddət öncə bildirdi ki, Rusiya ilə münasibətlər ən yüksək səviyyədədir. Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə möhkəm etimada əsaslanan işgüzar münasibətlərə malikdir. Odur ki, Jirinovskinin dedikləri ilə heç nə dəyişmir” – deyə o, vurğulayıb.

Musavat.com

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki