image-qanunla-reklam
image-fotojet-2021-11-01t134942-913

Əməkdar artistlə bağlı faktlar: İşdən qovuldu, teatra həsrətlə baxdı, qızının qucağında can verdi – FOTO

image-lady-day-az

 

Sabah aktyor, Əməkdar artist Telman Əliyevin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edib.

Belə ki, Telman Rüstəm oğlu Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol alır.

Aktyor Zemfira adlı xanımla ailə həyatı qurur. Onların Vüqar adlı oğlu, Mətanət adlı qızları dünyaya gəlir. Daha sonra Hacıbaba Bağırovun və Səyavuş Aslanın təkidi ilə aktyor Bakı şəhərinə köçüb Musiqili Komediya teatrında işə düzəlir.


Əməkdar artist Telman Əliyev

Telman Əliyev 2000-ci ildə Xalq artisti Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilir. “Aydın”, “Ədirnə fəthi”, “Poçt şöbəsində xəyal”, “Bu dünyanın adamları”, “Fedra”, “Varlı qadın”, “Ölülər”, “Generalın son əmri” kimi tamaşalarda yaddaqalan obrazlar ifa edib.

1989-cu ildə “Əməkdar artist” adını alan aktyor daha çox 2012-ci ildə ekranlara çıxan “Ağabəyovlar” serialındakı ata obrazı ilə məşhurluq qazanıb.

“Axınla aşağı”, “Cavad xan”, “Şeytan göz qabağında”, “Təlatüm”, “Yalan” kimi filmlərə çəkilib.

Əməkdar artist Telman Əliyev Akademik Milli Dram Teatrın direktorunun göstərişi ilə uzun illər işlədiyi teatrdan çıxarılır. Onun işdən çıxarılmasına isə aktyor dostlarından Nurəddin Mehdixanlı, Füzuli Hüseynov etiraz edirlər.

Aktyorun oğlu müğənni Vüqar Əliyev atası haqqında danışarkən deyir:

“Mənim atam əməkdar artist, “Şərəf Nişanı” ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda aktyorların heç biri səsini çıxartmadı. Amma mənim istedadlı aktyor olan atam teatrın qabağında çayxanada oturub, 2 il teatra həsrətlə baxırdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atamın savadı və aktyorluğuna heç kim çata bilməzdi. Atama haqsızlıq olunanda susdunuz. Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz”.

4 iyul 2017-ci ildə 69 yaşlı aktyor Telman Əliyev ürək çatışmazlığından vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Aktyorun qızı onun öldüyü günü belə xatırlayır:

“Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında etsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki