Səttarov Emin bu adı daşıyan insan haqda bir kitab söz yazmaq olardı. Və inan ki, bu sözlər ancaq və ancaq onun necə də xeyirxah , dostcanlı, yardımsevər, böyüklərinə hər zaman dərin hörmət və ehtiramla yanaşan, kiçiklərinə əyləncə və sevgi dolu münasibət göstərən , xidmətində məsuliyyətli , nizam intizamı ilə seçilən, iş yoldaşları, kollektivi, müdiriyyəti və ətrafı tərəfindən hörmət qazanan bir igid oğul olub.
Şəhid Səttarov Emin Ramin oğlu 25.05.2001-ci ildə Bakı şəhərində anadan olub. Emin 2008-ci ildə 10 nömrəli məktəbdə orta təhsil almağa başlayıb. 2017-ci ildə həmin məktəbin məzunu olub. Orta təhsilini bitirdikdən sonra, 12 nömrəli peşə məktəbində aşbazlıq peşəsini öyrənməyə davam edir. Peşə məktəbini bitirdikdən sonra isə, 2020-ci ildə vətənə xidmət üçün ordu sıralarına gedib. Emin çox fərasətli, cəsarətli, şücaətli bir oğul olub. Şəhidimiz 2-ci Qarabağ müharibəsində iştirak etmişdi. 24.10.2020-ci ildə Qubadlı rayon istiqamətində gedən döyüşdə, düşmənin atdığı minomyot nəticəsində qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur.
5 medalla təltif olunub.
Emin bir sözlə qısa ömür yaşasa da, qəlblərdə dərin izlər buraxıb. Emin daim qəlbimizdədir.Üzündəki saflığını onun rəsmindən belə görmək olar…
1 əsrlik hörməti 19 ilinə sığdıran Emin, həqiqətəndə bu dünyaya el üçün gəlmişdi. O, təkcə ailədən yox eldən də köçüb getdi.Heç şübhəsiz ki, onu Allah daha gözəl bir yerə apardı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səttarov Emin Ramin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Allah rəhmət eləsin!