Enerji sahəsində əməkdaşlıq inkişaf edir
Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayr-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Prezident cənab İlham Əliyevin təkcə son vaxtlarda bir sıra ölkələrin rəsmi şəxslərini respublikamıza səfərləri çərçivəsində qəbul edərkən səsləndirilən fikirlər, eləcə də dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında, telefon zənglərində ifadə olunan münasibətlər yuxarıda qeyd olunanları bir daha təsdiqləyir. Bu, əslində, Prezident cənab İlham Əliyevin haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi, yürütdüyü müstəqil siyasətin məntiqi nəticəsi kimi diqqət çəkir.
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin qurumlar sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkən Şimali Makedoniya da mühüm yer tutur. Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin inkişafı son illər ərzində xeyli sürətlənib. Əməkdaşlıqda siyasi dialoq dinamik xarakter alıb, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülüb. Eyni zamanda, iqtisadi sektorda, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılaraq müvafiq qərarlar qəbul edilib. Əlamətdar haldır ki, iki ölkə tərəfindən energetika sahəsində səmərəli əməkdaşlığa başlanılıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında bu barədə ətraflı məlumat verib: “Azərbaycan bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur”. Gələcəkdə respublikamızın dost ölkəyə lazım olan həcmdə qaz təchizatını artırması nəzərdə tutulub.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini
Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında saziş də hazırda icra olunur. Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.
Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru