Enerji sahəsində əməkdaşlıq inkişaf edir.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın xarici içlər naziri Ceyhum Məmmədov Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında görüş olub. Bu görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar. Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında saziş də hazırda icra olunur. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.
Avropa Azərbaycan qazına ehtiyac duyur.
Son illərdə Azərbaycan və Şimali Makedoniya ölkələri arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir. İki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın COP29 tədbiri çərçivəsində Bakıya rəsmi səfəri olmuşdur. Ötən ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır. Ali qonaq Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu bildirmiş və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir. Ölkə başçımız da öz növbəsində Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Bu kontekstdə Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etmişdir. Bu görüşlər bir daha sübut edir ki, ölkələr arasındakı coğrafi məsafə diplomatik və dostluq münasibətlərinə mane olmur. Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək. Martın 10-da ölkəmizə səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub, daha sonra martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür. Ölkəmizin həyata keçirdiyi beynəlxalq enerji və infrastruktur layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Balkan regionu üçün də mühüm əhəmiyyət daşıyır. Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.