image-qanunla-reklam
image-1688381255_1676886902141542507063f34376eadc7

Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir

image-lady-day-az

“Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.” Dövlət başçısı İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada ölkəmizin enerji siyasətinin uğurlarından geniş bəhs edərək etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini əsaslı şəkildə diqqətə çatdırdı. Ümumilikdə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, beynəlxalq əhəmiyyətli tədbirdə elə bir çıxışı yoxdur ki, diqqəti Azərbaycanın enerji siyasətinə yönəltməsin. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi bu gün iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsindəki rolunda özünün aydın ifadəsini tapır. Bu fikir daim önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu marağın zaman-zaman dəyişdiyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vəziyyəti tamamilə dəyişdi, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizdə sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Ümummilli Lider belə bir çağırışı etdi ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan hər bir iş adamının üzünə açıqdır. İnvestorlar yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Qeyd etdiklərimizin fonunda enerji strategiyamızı bir neçə mərhələyə  bölmək olar. Müstəqilliyimizin bərpasından üç il sonra  ilkin mərhələdə  dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə Azərbaycan oldu. Tezliklə  Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürən Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi.

Dövlət başçısı İlham Əliyev çıxışlarında  bu məqamı da xüsusi qeyd edir ki,  artan ehtiyacı təmin etmək üçün  sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə  artıq  Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildi.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan hazırda Avropanın etibarlı tərəfdaşı

kimi tanınır və nüfuz qazanıb

 

Beynəlxalq  əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın  inkişaf  strategiyası  qabaqcıl təcrübə kimi nümunə  göstərilir.  Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri  kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı  da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində  ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına  əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını  artıran  Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanlar artır. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması  beynəlxalq səviyyədə təqdir edilir.

Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Belə ki, əvvəlcə regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin 2014-cü ildə keçirilən təməlqoyma mərasimində bu hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirdi.

Azərbaycan hazırda Avropanın etibarlı tərəfdaşı kimi tanınır və nüfuz qazanıb. Ölkəmizin Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin  inkişafı göz önündədir. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında  əlaqələrin yüksələn xətlə inkişafından bəhs edərkən  «Tərəfdaşlıq prioritetləri» sənədinin ardınca 2022-ci ildə  Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun  imzalanmasını xüsusi qeyd etməliyik.  Sənədlərin imzalanmasından sonra  Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivlərindən danışdılar.  Cənab İlham Əliyev bildirmişdir ki, bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil: «Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var.» Dövlət başçısı İlham Əliyev imzalanan  Memorandumu əməkdaşlığın gələcəyi üçün yol xəritəsi kimi dəyərləndirdi.

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə  bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Üç ildən artıqdır ki,  Azərbaycan  mühüm qaz təchizatçısına çevrilib

 

Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada  bir daha bu kimi məqamlara xüsusi diqqəti yönəldərək bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır.  “Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq” söyləyən cənab İlham Əliyev bildirdi ki,  bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq: “Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır. Mən bu məsələ ilə bağlı şərhlərimi daha sonra bildirərəm. Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik.”

Üç ildən artıqdır ki,  Azərbaycan  mühüm qaz təchizatçısına çevrilib. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. 2020-ci ilin 31 dekabr tarixində isə TAP istismara verildi. TAP-ın istifadəyə verilməsi ilə Azərbaycan  avropalı tərəfdaşlarını  dərhal qazla  təchiz etməyə başladı. Bundan əvvəl Azərbaycanın  tərəfdaşları yalnız Gürcüstan və Türkiyə idi. Bu üç ölkənin birgə səyləri, siyasi iradəsi əsasında BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyulmuşdur.

Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan  malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdaşlar qazanır. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin  «Əsrin müqaviləsi»nin imzalanmasından öncə söylədiyi «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübalidəsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına  iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərinin təsdiqidir. Azərbaycanın enerji tərəfdaşlarının sayı artdıqca, layihələrdə iştirak edən dövlətlərin coğrafiyasının genişlənməsi gələcəyə daha böyük inamla addımlamağa stimul verir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, nəqliyyat-logistika imkanlarının artması, son 20 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və yüksək nəticələr yeni neft strategiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanın mövcud imkanları, investisiya cəlbediciliyi

hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir

 

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi öndədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımlar atılır.  Milli Prioritetlərin icrasına başlanıldı. Ölkəmizin enerji siyasətinin üçüncü mərhələsi kimi dəyərləndirilən bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi geniş müzakirə edilir. Azərbaycan Enerji Həftəsi çərçivəsində  tərəfdaşlarını  bir araya gətirəndə, eyni zamanda, dövlət başçısı İlham Əliyev iştirak etdiyi tədbirdə çıxışı zamanı Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin  qurulmasının vacibliyini diqqətə çatdırır.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar bu reallığı təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə gələcəyimiz üçün möhkəm  təməl yaratdı. Dövlət başçısı İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirir ki,  bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır. Qeyd etdiyimiz  rəqəm tam realdır. Bu, artıq imzalanmış kontraktlar əsasında olacaq: “Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a – dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək.”

Azərbaycanın mövcud imkanları, investisiya cəlbediciliyi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün böyük əminliklə qeyd edirik ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırda qaz, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanıb.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ölkəmiz enerji sahəsi ilə yanaşı, “bağlantı”, yəni, nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir

 

Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Bu gün ölkəmiz “Qoca qitə”nin bir neçə ölkəsinə qaz ixrac edir. Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan razılaşmalara görə, bir neçə il ərzində bu tədarükün həcmi daha da artırılmalıdır. Rusiya–Ukrayna müharibəsinə görə Avropanın özünün enerji təhlükəsizliyini təmin etdiyi vasitələr məhdudlaşıb. Ukrayna ərazisindən keçərək Macarıstana, Sloveniyaya və Avstriyaya gedən Rusiya qazını ilin sonunda kəsəcəyini bəyan edib. Bu da Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi sahəsində əlavə olaraq böyük gərginlik yaradacaq.

Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı. Hesab edirəm ki, Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi “enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq” fikirləri Avropa ölkələri üçün böyük dəstəkdir.

Ölkəmiz enerji sahəsi ilə yanaşı, “bağlantı”, yəni, nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada gedən müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları bağlanmaq üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa, şaxələnmiş Orta Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib. Bunun nəticəsində ölkəmiz təkcə özünün deyil, Cənubi Qafqazın, Mərkəzi Asiyanın siyasi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu da Azərbaycana beynəlxalq münasibətlərin, sadəcə, iştirakçısı deyil, qurucusu, istiqamətverici qüvvəsi olmaq imkanı veribdir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir

 

Böyük Britaniyada keçirilən və dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Prezident İlham Əliyev də iştirak edib. Təbii ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin. Dövlətimizin başçısı təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir. Bu, hamı, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki, Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir.

Bildiyimiz kimi, “Avropa Siyasi Birliyi” qitənin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi, qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Təbii ki, bu istiqamətdə də Azərbaycanın mövqeyi bəllidir. Ölkəmiz istər regional, istərsə də beynəlxalq səviyyədə sülhə və təhlükəsizliyə önəmli töhfələr verir, əməkdaşlığın dərinləşməsinə çalışır, haqq və ədalətə söykənən xarici siyasət həyata keçirir. Azərbaycanın regiona gətirdiyi yeni reallıqlar da bunun əyani sübutudur. Belə ki, ölkəmiz bütövlükdə bölgənin inkişafına əngəllər törədən münaqişəni aradan qaldırmaqla regionda yeni reallıqlar formalaşdırdı. Bu reallıqlar, ilk növbədə, sülhə və sabitliyə əsaslanır, dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır. Əvvəllər bu barədə fərqli fikirlər səslənsə də, artıq dünya dövlətləri bunun mahiyyətini anlayır və bu reallıqlarla razılaşır.

Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında aparılan müzakirələr və gəlinən qənaət regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq: “Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə görüşləri baş tutdu. Diqqət çəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu, onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli danışıqlarda xüsusən Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Eləcə də görüşlərdə COP29-a da toxunulub və bu mötəbər tədbirin əhəmiyyəti vurğulanıb. Sözsüz ki, dünya liderlərinə və ictimaiyyətinə bəllidir ki, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Şübhəsiz, ölkəmiz COP29-u da yüksək səviyyədə təşkil edəcək və burada qəbul olunacaq qərarlar iqlim dəyişikliyi ilə mübarizədə faydalı olacaqdır.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki