Yaxın günlərdə Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçunun açıqlamasına görə, bu formatı Ukrayna prezidenti Volodimir Zelenski də qəbul edir.
Bəs Türkiyə vasitəçiliyi bacaracaqmı? Ərdoğan uzun müddətdir müharibə aparan Rusiya və Ukrayna arasında sülhün yaradılmasına nail ola biləcəkmi?
Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Rusiya, həm də Ukrayna hakimiyyətində kifayət qədər nüfuzu var və bundan əvvəl də Rusiya və Ukrayna arasında əsir mübadiləsi məsələsi məhz Türkiyənin vasitəçiliyi ilə həll olunmuşdu:
“Yəni Türkiyə Moskva və Kiyev arasındakı münasibətlərin normallaşması istiqamətində indiyə qədər uğura nail olmuş demək olar ki, tək ölkədir. Bu istiqamətdə səylərin davam etdirilməsi Türkiyə üçün hazırda vacib amil təşkil edir. Nəzərə alaq ki, Suriyada Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra ən güclü mövqeyin sahibi məhz Türkiyədir. Yəni Suriyada da sülhün və əmin-amanlığın qorunmasında Türkiyənin xidməti əvəzsizdir. Məhz bu istiqamətdən yola çıxaraq deyə bilərik ki, İstanbulda keçirilən görüş tamamilə sülhə nail olunmasa da, tərəflər arasında hansısa razılaşma mühiti yarada bilər.
Görünür, həm Moskva, həm də Kiyev bu cür danışıqlara razıdır.
Rusiya-Ukrayna arasında əsas problem torpaqların mübadiləsi ilə bağlıdır. Ukrayna tərəfi qəti şəkildə güzəştə getmək istəmir, ancaq Rusiya da əraziləri özündə saxlamaqla sülhə nail olmaq istəyir.
Böyük ehtimalla, müharibə məhz hər kəsin mövqeyində qalması şərti ilə atəşkəs razılaşması əsasında başa çatacaq. İndiki halda sülhün əldə olunması mümkün deyil. Ancaq dünyada baş verən geosiyasi hadisələr də atəşkəsin bağlanması müddətini yaxınlaşdırır. Çünki ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi və Rusiyaya hədəedici bəyanatlar səsləndirməsi, eyni zamanda Ukraniyaya dəstəkdən imtina edəcəyi barədə açıqlamalar verməsi həm Moskva, həm də Kiyevdə böyük narahatlıq yaradır.
Bu məsələyə görə də çalışılır ki, həm Rusiya, həm də Ukrayna tez bir zamanda sülhün əldə olunması üçün, yəni heç olmazsa müharibənin dayandırılması üçün bu istiqamətdə danışıqlara başlasınlar və razılaşma əldə etsinlər. Yəni ABŞ proseslərə müdaxilə etmədən”.
Zeynal Əmrəliyev vurğulayıb ki, bu məsələdə vasitəçiliyə ən yaxın ölkə məhz Türkiyədir:
“Türkiyənin iki ölkə arasındakı münasibətlərdə tutduğu hakim mövqe buna nail ola bilər. Daha sonra keçiriləcək sülh danışıqları da məhz Türkiyənin vasitəçiliyi ilə baş tuta bilər. Yəni Türkiyə bu prosesdə hakim rol oynaya bilər.
Türkiyə əvvəldən bu müharibədə demək olar ki, haqlı və tamamilə bir tərəf mövqeyini nümayiş etdirib, onun beynəlxalq nüfuzu, qeyd etdiyim kimi, Suriyada münaqişənin həll edilməsində göstərdiyi qətiyyət məhz Türkiyə-Ukrayna müharibəsində də məsələnin sülh yolu ilə həll olunması istiqamətində mühüm addımlar atacağını göstərir.
Bəli, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında atəşkəs bağlana və müharibə tez zamanda sonlandırıla bilər. Ancaq ümumiyyətlə, sülh hələ ki, uzaqda görünür”.