image-qanunla-reklam
image-sulhmeram-tavush

Erməni ordusu daşınır: Rusiya Qarabağda nə etmək istəyir?

image-lady-day-az

Ermənistan hərbi birliklərinin Qarabağa Laçın dəhlizi vasitəsilə daşınması barədə yayılan məlumat ciddi narahatlıq doğurur. Məlumat belədir: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət gətirilib, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobilləri ilə Qarabağa gəlir.

Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılarının bu hərbi yükü və əsgərləri buraxmasının yalnız bir adı var: “bütün bunların arxasında Rusiya var” yox, bütün bunları məhz Rusiya edir! Yoxsa ermənilər buna cəsarət etməzdi!

10 noyabr bəyanatına görə, erməni hərbi birlikləri rus sülhməramlılarının yerləşdirilməsi ilə Qarabağdan çıxmalı idi. Bəyanatın 9 ayının tamamında bəlli olur ki, nəinki erməni hərbi birlikləri bu ərazilərdən çıxarılır, hətta yeni hərbçilər və hərbi texnika gətirilir.

Rusiya Müdafiə Nazirliyinin 9 ay boyunca açıqlamaları da narahatlıq yaradır: “Dağlıq Qarabağ” termini və bu ifadə altında ermənilərin xüsusi “statusu”nun informasiya siyasətində saxlanıldığı hər an diqqətə çatdırılır, rus sülhməramlılarının nəzarəti altında olan ərazilər əsl adı ilə deyil, ermənilərin saxtalaşdırdığı adlarla adlandırılır, rayonların inzibati ərazi bölgüsündə Azərbaycan qanunvericiliyi ilə müəyyənləşən sərhədlər deyil, ermənilərin uydurduğu “inzibati bölgü”dən istifadə edilir, Azərbaycanın, məsələn, Kəlbəcərə inşaat materialları daşıyan maşın karvanları müşayiət edilərkən, “tranzit” sözü işlədilir – sanki Azərbaycan maşınlarının öz ərazisində yaşayan ermənilərin içindən keçməsi “başqa ölkədən tranzit”dir.

Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinin son 9 ayda Azərbaycana yanaşması bu cür olub.

Rus sülhməramlılarının Qarabağa 52.700 erməni köçürüb gətirməsi, onlara həftədə 5 kiloqram ərzaq hədiyyə etməsi, minaları təmizləməsi, tibbi-sosial yardımları, bina, ev, məktəb təmirləri, sosial obyektlər açmaq və s. hamısı ermənilərin Qarabağda qalmasına, məskunlaşmasına və növbəti dəfə baş qaldırmasına yönəlik addımlardır. Rusiyada yaşayan erməni milyarderlər də diaspor və Rusiyanın bəlli qurumlarının təhriki ilə Qarabağın rus sülhməramlılarının nəzarətində olan ərazilərində sexlər, zavodlar, fabriklər açmağa həvəsləndirilir. Elə birini ötən gün Rusiyada yaşayan milyarder Ruben Vardanyan açdı, Xocalının kəndində çörək sexini istifadəyə verdi və çıxış də etdi, bu torpaqlarda möhkəmlənməkdən, “qədim yurd yerlərini” qorumaqdan-zaddan danışdı.

Qarabağda təmas xətti, cəbhə yaratmaq istiqamətində 14 noyabr tarixindən Rusiya MN-in apardığı siyasətin acı nəticələrini görürük: Şuşaya da atəş açıldı, Azərbaycan əsgərlərinin olduğu ərazilərə də. Hər dəfə atəş açılanda isə Rusiya MN bunu Qarabağda “Azərbaycan və erməni mövqeləri arasında atışma” kimi təqdim edib. 10 noyabr bəyanatına əsasən, Azərbaycan Ordusu ilə üzbəüz rus sülhməramlıları dayanmalıdır, o da mövqe tutmaq üçün yox, erməni mülki əhalini qorumaq üçün. Ancaq Rusiya MN rəsmi şəkildə bu bəyanatı saymadığını hər dəfə bəyan edir, rus sülhməramlıların arxasında gizlənən erməni hərbi birliklərini “tərəf” kimi tanıdığını sazişlərə tüpürərək açıqlayır.

Nəhayət, erməni əsgərlərin və hərbi texnikanın Qarabağa daşınmasına da şahidlik etdik.

Ermənistanda ciddi sosial-iqtisadi problemlər var, erməni ordusu darmadağın edilib, şəxsi heyət və zabit çatışmazlığından əziyyət çəkir. Bəllidir ki, Ermənistanın Qarabağa hər hansı birlik və texnika göndərmək imkanları olduqca zəifdir. Bəs, Qarabağa daşınanlar kimlərdir?

1. Ermənilər Poga – “Hərbi Vətənpərvərlər Məktəbi” adlı terror təşkilatı yaradıblar, 2021-ci il martın 29-dan etibarən fəaliyyətə başlayıb və məktəb adı altında bu təşkilata fərqli yaş qruplarından erməniləri toplayaraq onlara hərbi təlim keçir. Bu məktəbdə təlimlərə qatılanlardan haqq tələb edilmir, üstəlik onun fəaliyyətini sosial şəbəkələrdə təbliğ edənlərə 100 dollardan artıq pul verilir. Məktəbin maliyyə mənbələri əsasən xaricdəki erməni diasporunun nümayəndələri, o cümlədən ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni əsilli biznesmen Vrej Qriqoryandır. Bundan başqa məktəb PKK və ASALA terror təşkilatının tör-töküntülərindən də maliyyə dəstəyi alır, Avropa və Yaxın Şərq ölkələrindən muzdluları cəlb edir.

2. VOMA (Voxj Mnalu Arvest) – “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülmüş terror təşkilatı. Bu təşkilat da 44 günlük savaşdan sonra yaranıb, ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir. Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir.

Hər iki terror təşkilatı Ermənistanda qurulub və genişləndirilib. Böyük ehtimalla Qarabağa daşınan da onlardır – muzdlu terrorçular.

Rusiya istəyinə nail olacaqmı?

Olduqca mübahisəli məsələdir. Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsi yaşayış üçün getdikcə daha mümkünsüz olar – Rusiya və Ermənistanın yardımlarına baxmayaraq. Ötən ay Rusiya sülhməramlılarının bura köçürüb gətirdiyi 52.7 min əhalidən 25 min nəfərin qaldığı bildirilmişdi. Ötən gün isə bu sayın 19 mindən də aşağı düşdüyü barədə araşdırma yazısı dərc edildi.

Ermənilərin Qarabağda məskunlaşıb qalması və yaşaması mümkünsüzdür. Ancaq erməni silahlılarının ora daşınmasında hədəf erməniləri məskunlaşdırmaq da deyil, Qarabağı yenə də “münaqişə ocağı” kimi saxlamaq, mümkün toqquşmalara şərait yaratmaq və Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasına nail olmaqdır.

Kremlin cavabı?

Yəqin ki, hər kəs bu suala cavab axtarır. Artıq Azərbaycanda çoxlarına bəllidir ki, Rusiyada Azərbaycanın tərəfdaş olaraq razılaşdığı yer Kremldir, digər strukturlarda isə ermənipərəst mövqelər həddən artıq üstünlük təşkil edir. Yəqin ki, Kreml də bu cür destruktiv fəaliyyətə şərait yaradır ki, Azərbaycanla razılaşmalarda həm öz imicini qorusun, həm də yaratdığı problemləri həll etməklə növbəti istəyinə müsbət qarşılıq ala bilsin!.

Türkiyənin yanğınlara başının qarışdığı bir zamanda erməni terrorçularının Qarabağa daşınması da maraqlıdır.

Görünür, ən yüksək səviyyədə yeni danışıqlar üçün artıq zaman yetişib…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki