Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər
1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 2560 nəfəri qadın və 1277-si uşaqlar olmuşdur.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər. Onların vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan qətlə yetirilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdür. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar və bunlardan 35-i hazırda mövcud deyildir.2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Ulu Öndərimiz Heydər Əliyevin siyasi dəsti-xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın müvafiq qurumları ermənilərin məkirli niyyətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, ermənilərin ərazi iddialarını, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasını bütün dünya ictimaiyyətinə çatdırmışdır.Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ermənilərin şəbəkələri saxta məlumat yaymaqla məşğuldurlar və olmayan şeyləri reallıq kimi qələmə verirlər. Əlbəttə, hər bir azərbaycanlı düşmənin məkrli siyasətinə qarşı ayıq olmalı, dövlətin atdığı addımların arxasında olmalıdır. Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbənin sevincini yaşayır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın amansız və qəddarlıqla həyata keçirilməsi aşkar olunmuş kütləvi məzarlıqdan açıq aydın görünür
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmiş erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında da Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, insanları işgəncələrə məruz qoymuşlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir. Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri ümumilikdə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
1918-ci ilin mart soyqırımları zamanı erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Mart soyqırımları zamanı Şamaxıda törədilən cinayətlər xüsusilə diqqət cəlb edir. Belə ki, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar tərəfindən aparılan bir sıra araşdırmalardan sonra müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Ermənilərin kütləvi soyqırımı törətdikləri digər bir bölgə isə Quba olub ki, burada öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar zamanı məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yerinin olmaması onların küt alətlərlə öldürüldüyünü sübut edir. İnsanlar baş nahiyəsindən balta ilə vurularaq qətlə yetirilmiş, sonra xəncərdən istifadə edilməklə başları bədəndən ayırılmışdır. Bəzi kəllə sümüklərində mismarların aşkarlanması insanların başına mismar vurmaqla öldürülməsi hallarını təsdiq edir ki, bu da vəhşiliyin hüdudlarının olmadığını göstərir. Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın daha amansız və qəddarlıqla həyata keçirilməsini 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıq əyani şəkildə sübut edir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc