image-qanunla-reklam
image-yenigundem_9261234143defc9c3e645da35b4eb657_u740etp3b69vqk5nwj2i-620x400

Ermənistan əməllərinin təzahürü olan bu vandallıq bir daha təsdiqləyir ki, bütün bunlar Azərbaycana qarşı mədəni soyqırımıdır – Anar Məmmədov

image-lady-day-az

Tarixin müxtəlif dönəmlərində Azərbaycan tolerant mühiti, multikultural dəyərləri ilə seçilən məkan olub. Bütün dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr mövcud mühitin təzahürüdür. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərilir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Bildiyimiz kimi maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra biz ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.

Təkcə onu demək kifayətdir ki, ermənilər tərəfindən ötən dövr ərzində 70-ə yaxın məscid, çoxlu sayda mədəni-tarixi abidələr məhv edilib. Ermənistan əməllərinin təzahürü olan bu vandallıq bir daha təsdiqləyir ki, bütün bunlar Azərbaycana qarşı mədəni soyqırımıdır.

Prezident İlham Əliyev bir neçə gün əvvəl işğaldan azad olunmuş rayonlarımıza səfəri zamanı bir daha diqqəti ermənilər tərəfindən məscidlərimizin dağıdılmasına yönəldərək bunun bütün müsəlman aləminə, islam dininə qarşı cinayət olduğunu bildirdi. Dövlət başçısı ermənilərin cinayətlərinin dünyaya çatdırılması işində hər kəsi fəal olmağa çağırdı. Çünki  ermənilərin məscidlərdən tövlə kimi istifadə etmələri, orada donuz saxlamaları onların hansı xislətin daşıyıcısı olduqlarını göstərir. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Tarix boyu dünyanın heç bir yerində buna bənzər vandallıq olmayıb.

30 ilə yaxın işğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Lakin dağıdılan yalnız islam mədəniyyətinə aid abidələr deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağda Azərbaycan xalqına məxsus bütün tarixi abidələr də vandallığa məruz qalıb, muzeylər talan edilib, milli eksponatlarımız Ermənistana daşınıb. Qarabağa sonuncu səfəri zamanı Prezident İlham Əliyevin Zəngilan məscidinin təməlini qoyması ilə göstərdi ki, azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq, yenidən qurulacaq.

Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. İşğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Burada məqsəd erməni vandalizminin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bu baxımdan diplomatik korpusun və digər təşkilatların nümayəndələrinin erməni vəhşiliyi ilə yerində tanış olmaları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki