image-qanunla-reklam
image-fotojet-6

Ermənistanda “sıfır məbləğli oyun”

image-lady-day-az

Miqrasiya, başıpozuqluq, pessimizm əhval-ruhiyyəsi Ermənistan cəmiyyətinin üzləşdiyi ən ciddi problemlər sırasında yer almaqda davam edir. Nüfuzlu Rusiya və Qərb nəşrləri artıq neçənci dəfədir ki, ölkədəki xaos və anarxiya, nifrət əhval-ruhiyyəsinin artmasını qabardır. Bu günlərdə BBC-nin Azərbaycan və Ermənistanda apardığı sorğu dəhşətli bir nəticəni ortaya çıxarmış oldu. Görünən odur ki, nifrət, türkofobiya erməni cəmiyyətinin qanına elə girib ki, bundan qurtulmağa on, bəlkə də, yüzilliklər gərək olacaq. Əksinə, Azərbaycanda rəyi soruşulanların əksəriyyəti ermənilərin yaşatdıqları vəhşətlərə baxmayaraq, mehriban qonşuluq münasibətlərinin bərpasından danışıblar. Ermənilər müharibədəki biabırçı məğlubiyyətdən, ölkədəki sosial gərginlikdən dərs çıxarmaq əvəzinə, yenə də revanşizmdən, başqasının torpağına göz dikməkdən dəm vurublar.

“İyun ayında keçirilən növbədənkənar parlament seçkiləri Ermənistanı Qarabağ müharibəsindən sonra düşdüyü siyasi böhrandan çıxarmağa kömək etmədi. Rusiyanın yardımı ilə əldə edilən atəşkəs Ermənistanın hərbi məğlubiyyətini təsdiq etməklə yanaşı, həm də ölkədə ağır böhrana səbəb olub, hakimiyyətin sabitliyinin pozulmasına, siyasi parçalanmanın artmasına və ölkənin siyasi sisteminin daha da qütbləşməsinə gətirib çıxarıb”.

Bu fikirlər dünyaca məşhur “Emerging Europe” nəşrində dərc olunan məqalədəndir. Müəllif yazır ki, hazırkı administrasiyaya qarşı çıxan siyasi partiyalar üçün atəşkəs şərtləri baş nazir Nikol Paşinyanın mövqeyini şübhə altına alıb. “Bu partiyaların nümayəndələri atəşkəs rejiminin qüvvəyə minməsindən sonra keçirilən etiraz və nümayişlərdə Paşinyanı vətənə xəyanətdə ittiham edərək, daim onun istefası tələbi ilə çıxış edib. Ermənistanın sarsıdıcı hərbi məğlubiyyətinə baxmayaraq, Paşinyan iyunda keçirilən parlament seçkilərində qalib gəlib. Amma bu, cəmiyyətin Paşinyana üstünlük verməsi ilə deyil, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti zamanı ictimaiyyətdə formalaşan ağrılı xatirələrlə bağlıdır”, – deyə məqalədə bildirilir.

Paşinyanın tərəfdarları keçmiş prezident Köçəryanı Ermənistanı Azərbaycanla müharibədə məğlubiyyətə məhkum vəziyyətə salmaqda günahlandırırsa, qarşı tərəf də məğlubiyyəti Paşinyanın naşılığı ilə əlaqələndirir. Başqa sözlə, Paşinyan və Köçəryan ölkəni xaosa sürükləyən real və potensial çatışmazlıqlara, yaramazlıqlara görə bir-birini ittiham edirlər. Məqalədə qeyd edilir ki, bütün bunların fonunda müharibədən sonra Ermənistan həll olunmamış problemlərdən, o cümlədən koronavirus pandemiyası və iqtisadi dağıntılardan əziyyət çəkir.  Ermənistanda daxili siyasi vəziyyət ən sadə formada “sıfır məbləğli oyun” prinsipi ilə təsvir olunur. Vurğulanır ki, təhlükəsizlik təhdidləri aparıcı siyasi oyunçular arasında ziddiyyətləri azaltmır. Ölkədəki siyasi qeyri-sabitlik pandemiya və iqtisadi geriləmə şəraitində dəhşətli yanlış idarəetmə ilə daha da çətinləşib.

Dünya Bankının məlumatına görə, koronavirus pandemiyası və Qarabağdakı müharibə Ermənistanda iqtisadi artımı nəinki ləngidib, 7,4 faiz azalmasına da səbəb olub. Bu, xüsusilə şəhər əhalisi arasında yoxsulluğun artmasında özünü büruzə verir. İctimai narazılığın fərqində olan Ermənistan hökuməti yorulmadan mediaya və siyasi cəhətdən həssas məsələlərlə bağlı ictimai müzakirələrə nəzarət etməyə çalışır. Oktyabrın 9-da Ermənistanın Konstitusiya Məhkəməsi bu il qəbul edilmiş qanunu təsdiqləyib. Bu qanun şəxsləri “ictimai fəaliyyəti” ilə əlaqədar təhqir etməyə görə cərimənin həcmini əhəmiyyətli dərəcədə artırıb. Əslində, qanun qeyri-demokratik hökumətlərin hökumət əleyhinə müxalifəti yatırtmaq üçün gördüyü tədbirlərə uyğundur.

2018-ci il “məxməri inqilab” zamanı erməni xalqının daha demokratik ölkədə yaşamaq kimi səmimi bir istəyi var idi. Paşinyan qərbyönlü baxışları ilə tanınır, dəfələrlə Rusiyaya qarşı sərt fikirlər səsləndirirdi. Lakin Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs bəyannaməsi bu ölkənin Ermənistanda “xilaskar” imicini gücləndirdi. “İllər əvvəl Ermənistanda sovet hakimiyyəti qurulandan sonra ilk erməni baş naziri, daşnak Ovannes Kaçazuni demişdi: “Biz dövlətçiliyimizin ilk günündən yaxşı bilirdik ki, Ermənistan kimi kiçik, kasıb, imkansız və təcrid olunmuş bir ölkə heç zaman müstəqil və azad ola bilməz. Biz bolşeviklərə minnətdar olmalıyıq. Bizi devirməklə onlar ölkəni daha təhlükəsiz yola apardılar”, – deyə Qərb nəşri daşnak liderin sözlərini sitat gətirib.

Beləliklə, bir əsr sonra erməni siyasi düşüncəsi ölkəni böyük mənada “çarəsiz” kimi qəbul edir. Müasir siyasətçilər Rusiyanı müttəfiq kimi görür. Ən diqqətçəkən istisna isə Rusiyanı Ermənistanı dağıtmaqda ittiham edən Milli Demokratik Qütbdür (indi bu ad altında millətçi “Sasna Tsrer” qrupu fəaliyyət göstərir). İyun ayında keçirilən növbədənkənar parlament seçkilərində partiya 2%-dən az səs toplayıb. Beləliklə, gəlinən nəticə budur ki, Ermənistanda qeyri-müəyyənlik, sabitsizlik hələ uzun müddət davam edəcək. Əgər erməni xalqı bütün bunlardan nəticə çıxarmasa, qarşıda onu hələ uzun məşəqqətli illər gözləyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki